Avropa Parlamenti bir çox siyasi qurumların və dairələrin əlində alət-oyuncağa çevrilib
Bakı, 24 yanvar, AZƏRTAC
Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallığın yaranması və ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi anti-Azərbaycan qüvvələrin ciddi narahatlığına səbəb olub. Ona görə də həmin qüvvələr həmişə öz hesabatlarında və yığıncaqlarında ölkəmizə qarşı böhtan, iftira yağdırır, bununla da respublikamız haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Xüsusilə, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında açıq-aşkar siyasi riyakarlıq edir, işğalçı ölkənin tərəfini saxlayır, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edirlər. Belə qərəzli və böhtançı təşkilatlardan biri də Avropa Parlamentidir. Bu qurumun ölkəmiz haqqında qərəzli münasibəti Ermənistan parlamentini də qabaqlayıb. Dövlət başçımız Avropa Parlamentinin nümayəndələri ilə dəfələrlə görüşüb, ölkəmizə qarşı böhtan və yalan məlumatlar yaydıqlarını sərt şəkildə onların üzünə deyib. Ancaq özünü “demokratiya carçısı” hesab edən bu qurum bütün bunlardan ciddi nəticə çıxarmaq əvəzinə sanki peşə fəaliyyətinə çevrildiyi qərəz və böhtandan əl çəkmir, özünü gülünc vəziyyətinə salır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz öz gücü ilə Ermənistanın işğalına son qoyduqdan sonra bəzi beynəlxalq təşkilatlar ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirərək təhdid və təzyiqlərini daha da gücləndiriblər. Bir çox siyasi qurumların və dairələrin əlində alət-oyuncağa çevrilən Avropa Parlamenti bir neçə il də ölkəmiz haqqında qərəzli qətnamə qəbul edərkən dövlət başçımızın sərt tənqidi ilə qarşılaşdı. O zaman Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə avropalı diplomatlara ustad dərsi keçdi və onları ölkəmiz haqqında yalan, böhtan və qərəzlə dolu məlumatlar yaymaqda ittiham etdi. Prezident İlham Əliyev demişdi: “Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var”.
Siyasi şərhçi bir neçə gün əvvəl Avropa Parlamentinin ölkəmiz haqqında yaydığı daha bir qeyri- obyektiv və ədalətsiz qətnaməyə münasibət bildirərkən deyib ki, bu təşkilat doğrudan da oyuncaq olduğunu bir daha təsdiqlədi. Əvvəla ona görə ki, inkişaf etmiş indiki dönəmdə Avropa Parlamenti ölkəmiz haqqında qəbul etdiyi qətnaməni elektron səsvermə əvəzinə “əl qaldırmaq” yolu ilə “hesablayıb” və buna əsasən qərar qəbul edib. Bu qərəzli qurumun rəhbərliyi yaxşı bilirdi ki, elektron səsvermə ilə istədikləri nəticəni əldə edə bilməyəcəklər. Çünki iclasda iştirak edənlər Laçın-Xankəndi yolunda keçirilən aksiyanın mahiyyətindən xəbərsizdirlər. Vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloqlarının Laçın-Xankəndi yolunda dinc aksiya keçirməkdə məqsədi heç də Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətindən olan vətəndaşın blokadaya alınması deyil. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialar da gülüncdür. Ona görə də səsvermə baş tutmaya bilərdi.
Ə.Bədəlov deyib ki, iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Avropa Parlamentinin siyasi riyakarlığı bir də açıq şəkildə özünü büruzə verdi. Yalan üzərində qurulmuş qətnamədə iddia olunur ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edib, Laçın yolu “blokada”dadır. Azərbaycan Prezidenti Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını Blinkenin diqqətinə çatdırıb. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Prezident deyib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.
Siyasi şərhçi bildirib ki, dövlət başçımız söhbət əsnasında Avropa Parlamentinin “blokada” adlandırdığı Laçın-Xankəndi yolundan keçən nəqliyyat vasitələri haqqında da məlumat verib. Deyib ki, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-ə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidi təmin olunub. Onların 850-dən çoxu Rusiya sülhməramlılarına, 120-dən artığı isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsusdur. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini də Blinkenin diqqətinə çatdırıb. Bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığının sübutudur.
Ə.Bədəlov Avropa Parlamentinin qeyri-obyektiv qətnaməsinin əsas məqsədinin birmənalı şəkildə Ermənistanın yürütdüyü işğalçılıq siyasətini dəstəklənməsinin bariz nümunəsi olduğunu bildirib. Bunun məqsədi həm də Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzuna xələl gətirməkdir. Bu da baş tutan deyil. Çünki artıq bu qurumun yalanlarına inanan yoxdur. Heç bir qüvvə Azərbaycana hədəflərinə nail olunmasında mane ola bilməz.