DÜNYA
Avropanın qaz ehtiyatlarının həcmi 74 faizi ötüb
Bakı, 20 iyun, AZƏRTAC
Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 74 faizi ötüb, lakin bu, 77,5 faizlik göstəricinin qeydə alındığı 2020-ci ildəki rekord səviyyədən aşağıdır.
AZƏRTAC xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, iyunun 18-də Avropa İttifaqı ölkələrində anbarlardan qaz götürülməsi 16 milyon kubmetr, qaz doldurulması isə 272 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 81,3 milyard kubmetr (74,09 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 10,45 faiz çoxdur.
Cari həftə ərzində Mərkəzi və Qərbi Avropada havalar nisbətən isti keçib, külək generasiyasının payı isə Aİ-nin elektrik enerjisi istehsalının 14 faizinə bərabər olub.
Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 390 dollar təşkil edir.
Rusiyanın “Qazprom” kompaniyası Avropaya sutkada 42,4 milyon kubmetr qaz tədarük edir. Müharibəyə baxmayaraq, həmin qaz Ukrayna ərazisindən tranzitlə “köhnə qitə”yə çatdırılır. Bu xətt “Şimal axını” qaz kəmərinin sıradan çıxmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.