Avstraliyada yaşayan azərbaycanlılar Novruz bayramını birlikdə qeyd etmişlər
Bakı, 27 mart (AZƏRTAC). Avstraliyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Novruz bayramında bir araya gəlmişlər.
Avstraliya-Azərbaycan -Türk Dostluq Cəmiyyətinin ictimaiyyət və mətbuat üzrə əlaqələndiricisi Elmir İbrahimov AZƏRTAC-a bildirmişdir ki, bu ilki Novruz bayramı Avstraliyanın Sidney şəhərində ikiqat sevinclə qeyd edilmişdir.
Martın 22-də 300-dək azərbaycanlının iştirakı ilə bu şəhərdə Araz və Nigarın toy şənliyi keçirilmişdir. Toy şənliyində Azərbaycan musiqisi, yeməkləri və adət-ənənələri təqdim olunmuşdur.
Bayram tədbirlərinin davamı olaraq martın 23-də Avstraliya-Azərbaycan - Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilən şam yeməyində isə qonaqlara Azərbaycan milli mətbəxinin Novruz bayramına xas olan nümunələri təqdim edilmişdir.
Tədbirdə bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, yerli diaspor təşkilatının nümayəndələri və “Zaman Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal iştirak etmişlər.
Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın səsi” (“Voice of Azerbaijan”) radiosu Novruz bayramı münasibətilə xüsusi veriliş hazırlamışdır.
Radio proqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycanda Novruz bayramının qeyd olunma ənənələri, xalq yaradıcılığında vəsfi və nəhayət, milli bayram kimi xalq tərəfindən min illər boyu yaşadılmasından söhbət açılmışdır.