Avstraliyanın Baş Naziri Dünya Ticarət Təşkilatında islahatları müzakirə etmək niyyətindədir
Tokio, 28 iyun, AZƏRTAC
Avstraliyanın Baş Naziri Skott Morrison G20 ölkələri liderlərinin Osakada keçiriləcək sammitində Dünya Ticarət Təşkilatında (DTT) islahatlar, internetdəki kontentlərin təhlükəsizliyi, həmçinin ABŞ ilə Çin arasında ticarət mübahisənin tənzimlənməsi üçün çalışacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, Osakaya səfər çərçivəsində Avstraliya Baş Nazirinin ABŞ Prezidenti Donald Tramp, Çinin Sədri Si Cinpin, Yaponiyanın Baş Naziri Şinzo Abe ilə ikitərəfli görüşləri planlaşdırılır. Müzakirələr zamanı S.Morrison əsas diqqəti DTT-də islahatlar mövzusuna yönəltmək niyyətindədir.
Avstraliya nümayəndə heyətinin xüsusi diqqət yetirəcəyi məsələlər arasında ekstremist çağırışların yer aldığı mətnlərin sosial şəbəkələrdə yerləşdirilməsinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi olacağı bildirilir. Qeyd edilib ki, Kraystçörçdəki terror aktlarından sonra biz sosial şəbəkələrin və internet şirkətlərinin administrasiyalarından gözləntilərimizi daha da artırmalıyıq.
Sayca 14-cü olan G20 sammiti Yaponiyada ilk dəfə təşkil edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio