Avstraliyanın sərhəd xidməti serbiyalı tennisçi Novak Cokoviçin vizasını ləğv edib
Bakı, 6 yanvar, AZƏRTAC
Avstraliyanın sərhəd xidməti dünyanın 1 nömrəli tennisçisi serbiyalı Novak Cokoviçin bu ölkəyə giriş vizasını ləğv edib. Tennisçidən ölkəni tərk etmək xahiş olunub.
AZƏRTAC xəbər verir ki, buna N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazə barədə müvafiq sənədi xidmətə təqdim edə bilməsi səbəb olub.
Avstraliyanın Baş naziri Skott Morrison hamının qanun qarşısında bərabər olduğunu deyib: “Heç kəs qanunlardan üstün ola bilməz. Ölkənin sərhəd xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və bunun nəticəsidir ki, Avstraliyada COVID-19-dan ölənlərin sayı digər ölkələrdən azdır”.
Bu ölkənin səhiyyə naziri Gerq Hant da N.Cokoviçin yarışda iştirakını mümkünsüz hesab edib.
Serbiya Prezidenti Aleksandr Vuçiç Melburnda karantinə alınan tennisçiyə zəng edib və həmişə onun yanında olduqlarını bildirib.
Dünyanın sabiq 1 nömrəli raketka ustası Rafael Nadal isə serbiyalı idmançını vaksin olunmağa çağırıb.
Serbiyalı tennisçinin ləğv edilən vizası bərpa olunmayacağı təqdirdə onun Avstraliyaya girişinə 3 il müddətinə qadağa qoyulacaq. Bu gün tennisçinin ölkəyə buraxılıb-buraxılmaması ilə bağlı məhkəmə tərəfindən qərar qəbul ediləcək.
N.Cokoviç Avstraliya açıq çempionatında iştirak etmək üçün Melburna gəlib və bu ölkənin sərhəd xidməti tərəfindən aeroportda saxlanılıb.
Qeyd edək ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.