AVSTRİYA ESKPERTLƏRİ SONUNCU RUSİYA ÇARI II NİKOLAYIN AİLƏ ÜZVLƏRİNİ İDENTİFİKASİYA ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya çarı II Nikolayın (Nikolay Aleksandroviç Romanov) ailəsi ilə birlikdə bolşeviklər tərəfindən qətlə yetirilməsinin 90-cı ildönümü ərəfəsində avstriyalı məhkəmə ekspertlərinin apardığı tədqiqat on illərdən bəri davam edən fərziyyələrə son qoymuşdur.
17 iyul 1918-ci ildə çar II Nikolay həyat yoldaşı və beş övladı ilə birlikdə sürgündə olduğu Yekaterinburq şəhəri yaxınlığında bolşeviklər tərəfindən qətlə yetirildikdən sonra cəsədlər Ural meşələrində basdırılmış və yalnız Sovet İttifaqı dağıldıqdan sonra ictimaiyyətə bu barədə məlumat verilmişdir. Ötən əsrin 90-cı illərində cəsədlər aşkar edilərkən iki ailə üzvünün qalıqlarının onların arasında olmaması çoxlu fərziyyələrə, hətta onların sağ olması barədə şayiələrə səbəb olmuşdu.
Ötən ilin avqustunda aparılan qazıntılar nəticəsində çarın sözügedən iki övladına aid hesab olunan qalıqlar tapılaraq, bu ilin aprelində identifikasiya edilmək üçün İnsbruk Tibb Universitetinin Məhkəmə Ekspertizası İnstitutuna göndərilmişdir.
Qalıqların müayinəsi başa çatdıqdan sonra keçirilən mətbuat konfransında tədqiqat qrupunun rəhbəri Valter Parson bildirmişdir ki, kişi cinsinə mənsub cəsəd qalıqlarının çarın yeganə oğlu və vəliəhd II Alekseyə məxsusluğu, digər cəsəd qalıqlarının isə dörd qız övladından birinə aid olması sübut edilmişdir. Qalıqların çarın məhz hansı qız övladına məxsus olmasını təyin etmək qeyri-mümkündür. Qətlə yetirildikdən sonra cəsədlərin üzərinə kimyəvi turşu tökülməsi və yandırılması ekspertlərin işini çətinləşdirsə də mövcud üsullar və institutda hazırlanan yeni metodların köməyi ilə analizləri “uğurla” başa vurmaq mümkün olmuşdur.
Qeyd edək ki, nümunələrin bir qismi, eyni zamanda, ABŞ ordusunun Merilənd ştatındakı ekspertiza institutuna da göndərilmişdi. Hər iki laboratoriyanın nəticələri yekun təsdiq üçün Böyük Britaniyanın Qlazqo şəhərindəki tədqiqat mərkəzinə aparılacaqdır.
2004-cü ildə Cənub-Şərqi Asiya ölkələrində baş verən sunami fəlakətinin qurbanlarının identifikasiya edilməsi prosesinə cəlb olunmuş və apardığı bütün analizlərdə 100 faiz düzgün nəticələr əldə etmiş İnsbruk Tibb Universitetinin Məhkəmə Ekspertizası İnstitutu beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi tanınır.