AVSTRİYA HÖKUMƏTİ “AVSTRİYA HAVA YOLLARI” KONSERNİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNƏ YAŞIL İŞIQ YANDIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 5-də Avstriya hökuməti və “Avstriya Hava Yolları” konserninin əsas səhmlər paketinə nəzarət edən ÖİAG - “Avstriya Sənaye Holdinqi” Səhmdar Cəmiyyəti arasında aviaşirkətin özəlləşdirilməsi barədə razılıq əldə edilmişdir.
Razılaşmaya əsasən, dövlət mülkiyyətinə nəzarət funksiyasını həyata keçirən ÖİAG konserninə dövlət maraqlarını güdən müxtəlif şərtlərə riayət olunmaqla, “Avstriya Hava Yolları”nın özəlləşdirilməsi vəzifəsi həvalə edilmişdir. Şərtlər sırasında özəlləşdirilmədən sonra konsernin adının dəyişdirilməməsi, Vyananın mənzil-qərargah olaraq qalması, Mərkəzi və Şərqi Avropa ölkələrinə sərnişin daşımalarında Vyana beynəlxalq hava limanının lider mövqeyinin qorunması da daxildir.
Hazırda ÖİAG “Avstriya Hava Yolları” konserninin ən böyük səhmlər paketinə (42,75 faiz) sahibdir. Birjada bu paketin dəyəri 150 milyon avro hesab edilir. Digər yerli şirkətlərlə birlikdə Avstriyanın dövlət və özəl sektoru konserndə mütləq səs çoxluğuna malikdir.
Konsernin özəlləşdirilməsi prosesində bloklayıcı səhmlər paketinin (25 faiz + 1 səhm) mütləq Avstriya tərəfinə mənsub olması da nəzərdə tutulur. Həmin paketin dövlət və ya özəl sektora məxsus olacağı yaxın müddətdə aparılacaq danışıqlarda müəyyənləşdiriləcəkdir.
“Avstriya Hava Yolları”nın səhmlərinə maraq göstərən konsernlər arasında “Air France/KLM”, “Türk Hava Yolları”, “Lufthansa” və adları açıqlanmayan qedyri-Avropa ölkələrinin aviaşirkətləri də vardır. Özəlləşdirmə prosesində ÖİAG konserninin məsləhətçisi funksiyasını yerinə yetirən “Boston Consulting” firması “Lufthansa” aviaşirkətini daha münasib tərəfdaş kimi qiymətləndirmişdir.
Hökumət nümayəndələri və ÖİAG arasında əldə edilmiş razılaşma maliyyə böhranı içərisində olan aviaşirkətin idarə heyətinin rəhbərliyi tərəfindən məmnunluqla qarşılanmışdır.