DÜNYA
Avstriya hökuməti lokdaun qaydalarının daha da sərtləşəcəyini istisna etməyib
![Avstriya hökuməti lokdaun qaydalarının daha da sərtləşəcəyini istisna etməyib](/files/2021/3/1200x630/16369656402856951526_1200x630.jpg)
Vyana, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-dən etibarən Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, yeni qaydaya əsasən bütün ölkə ərazisində peyvənd olunmamış şəxslər öncəki lokdaunlar zamanı olduğu kimi yalnız vacib və təxirəsalınmaz hallarda evlərini tərk edə biləcəklər.
Avstriyanın Federal Kansleri Aleksander Şallenberq bildirib ki, peyvənd olunmayan şəxslərə tətbiq olunan lokdaun mütəmadi olaraq diqqətdə saxlanılacaq və epidemioloji vəziyyətdən asılı olaraq əlavə sərtləşdirmələr mümkündür. Qeyd edilib ki, lokdaun peyvənd olunmamış şəxslərin təmaslarının ən azı 30 faiz azaldılmasına hesablanıb və bu qərar nə qədər dramatik olsa da, peyvənd olunmuş şəxslər üçün də lokdaun tətbiqi yolverilməzdir. Kanslerin sözlərinə görə, əhalinin peyvənd olunmuş hissəsi virusa qarşı mübarizədə hər şeyi düzgün edib və artan yoluxmaları nəzərə alaraq onlardan həmrəylik gözləmək və peyvənddən imtina edilən şəxslərlə eyni cərgəyə qoymaq yanlış addım olardı.
Səhiyyə naziri Volfqan Mükştayn isə yoluxmaların artımını nəzərə alaraq əlavə tədbirlər planı hazırlandığını elan edib. Onun sözlərinə görə, gecə qastronomiyasında məhdudiyyətlər, FFP2 maskalarının tətbiqinin genişləndirilməsi, iş yerində 3G (peyvənd, xəstəlikdən sağalma və ya test) öhdəliyi və digər imkanlar hazırda nəzərdən keçirilir.
Peyvənd olunmayan şəxslər üçün lokdaun noyabrın 24-nə qədər qüvvədə olacaq, epidemioloji vəziyyətdən asılı olaraq onun müddətinin uzadılması mümkündür. Dünyada unikal addım olan bu qərarın əsas hədəfi ölkədə vaksinasiyanın səviyyəsini (hazırda 65 faizə yaxın) mümkün qədər artırmaqdır. Hazırda Avstriyada gündəlik yoluxmaların sayı 13 mindən yuxarıdır və xəstəxanaların reanimasiya şöbələrinin imkanları qısa zamanda tükənə bilər.
Noyabrın 17-də növbəti addımlarla bağlı hökumət qərarını açıqlayacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana