Avstriya rəsmisi Tərcümə Mərkəzində olub
Bakı, 18 fevral, AZƏRTAC
Avstriyanın ölkəmizdəki səfiri Bernd Aleksandr Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasındakı ədəbi əlaqələrdən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş Robert Muzil, Ştefan Svayq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya yazarlarının əsərlərindən danışılıb. Həmçinin Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği istiqamətində alman dilinə tərcümə edilərək Frankfurtda çap olunmuş “Sirr - Azərbaycan hekayələri” kitabından söhbət açılıb.
Diplomat bu sahədə mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək deyib: “Alman dilinə tərcümə və nəşr edilmiş “Sirr - Azərbaycan hekayələri” kitabının Avstriyada da yayımına böyük ehtiyac var. Bu gün Avstriyada sizin ölkənizə, ədəbiyyatınıza böyük maraq, başqa sözlə desək, bir informasiya qıtlığı var. Bu mənada, kitaba böyük maraq olacaq. Kitabın Vyanada geniş təqdimatının keçirilməsi, ölkə kitabxanalarına, universitetlərinə paylanılması ilə bağlı təklifləriniz təqdirəlayiqdir və səfirlik olaraq, bu sahədə mərkəzə mümkün köməklik göstərməyə hazırıq”.
Görüşün sonunda səfirə Almaniyada işıq üzü görmüş “Sirr - Azərbaycan hekayələri” kitabı hədiyyə edilib.