Avstriya vətəndaşlarının Əfqanıstandan təxliyəsinə başlayıb
Vyana, 21 avqust, AZƏRTAC
Avstriya Əfqanıstandakı vətəndaşlarının və həmçinin Avstriyada daimi yaşayış icazəsi olan əfqanların təxliyəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, artıq iki Avstriya vətəndaşının Əfqanıstanı tərk etməsi mümkün olub. Bu barədə məlumatı Avstriya Xarici İşlər Nazirliyi təsdiqləyib. Bildirilib ki, əfqan əsilli 50 Avstriya vətəndaşı hazırda Kabildə təxliyə olunmağı gözləyir. Həmin şəxslər “Taliban“ hərəkatının Əfqanıstanda hakimiyyəti ələ almasından sonra Avstriya Xarici İşlər Nazirliyi və İslamabaddakı Avstriya səfirliyinə təxliyə üçün müraciət ediblər.
Nazirlikdən bildirilib ki, Avstriyada daimi yaşayış icazə olan 35 Əfqanıstan vətəndaşı da Avstriyaya təxliyə olunmaq üçün müraciət edib. Hazırda əsas çətinliklərdən biri hər iki qrupa aid insanların Kabil hava limanına daxil olmasını təmin etməkdir.
Təhlükəsiz təxliyəni təmin etmək üçün Avstriya Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələrin (Bundesver) təmsilçilərindən ibarət böhran qrupu Özbəkistanın paytaxtı Daşkənddən keçməklə Əfqanıstana yollanıb. Almaniya ilə əldə edilmiş razılığa əsasən, Avstriyaya təxliyə edilməli olan şəxslər alman ordusuna məxsus hərbi təyyarələr ilə daşınmalıdırlar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana