AVSTRİYADA PARLAMENT SEÇKİLƏRİ BÖYÜK PARTİYALARIN TARİXİNDƏ ƏN UĞURSUZ SEÇKİLƏR OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 28-də Avstriyada Milli Şuraya (parlament) növbədənkənar seçkilər keçirilmişdir.
Avstriya federal daxili işlər naziri Maria Fekter yerli vaxtla saat 20.00-da 20-ci çağırış Avstriya parlamentinə seçkilərin ilkin nəticələrini Avstriya Teleradiosu (ORF) vasitəsilə elan etmişdir.
İlkin nəticələrə görə, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) seçicilərin 29,7 faizinin səsini toplayaraq qələbə qazanmışdır. Avstriya Xalq Partiyası (ÖVP) 25,7 faiz səs toplayaraq, ikinci yerdə qərarlaşmışdır. 2006-cı il parlament seçkilərindən sonra SPÖ (35,3 faiz səslə) və ÖVP (34,3) böyük koalisiya yaratsalar da, cəmi 18 aylıq birgə hakimiyyət dövründə daxili çəkişmələr növbədənkənar seçkilərin təyin edilməsi ilə nəticələnmiş və hər iki partiya seçicilərin etimadını tam doğrulda bilməmişdir.
Hazırkı seçkilərin əsas qalibləri müxalifət düşərgəsində qərarlaşan sağ mərkəzçi Avstriya Azadlıq Partiyası (FPÖ) və Avstriya Naminə İttifaq (BZÖ) hesab edilir. 2006-ci il seçkilərində 11 faiz səs toplayan FPÖ bu seçkilərdə böyük seçici kütləsini özünə tərəf çəkməyə nail olaraq, 18 faiz səslə partiyaların siyahısında üçüncü pilləyə irəliləmişdir. Ötən seçkilərdə 4 faizlik həddi çətinliklə aşa bilən BZÖ tərəfdarlarının sayını üç dəfəyədək artırmış və 11 faiz səslə dördüncü pilləyə yüksəlmişdir. Ötən seçkilərdə üçüncü yeri tutmuş Yaşıllar Partiyası 9,8 faiz səslə sonuncu - beşinci pilləyə enmişdir.
Seçkilərdə iştirak edən digər beş partiyanın (Avstriya Vətəndaş Forumu - Frits Dinkhauzer siyahısı, Xristianlar, Avstriya Kommunist Partiyası, Liberal Forum və “Avstriyanı xilas edin!” Müstəqil Vətəndaş Təşəbbüsü) heç biri tələb olunan dörd faizlik həddi aşa bilmədiyindən, parlamentdə təmsil olunmayacaqlar.
Səsvermənin ilkin nəticələrinə görə, 183 nümayəndənin seçilməli olduğu parlamentdəki mandatların bölgüsü aşağıdakı kimi olacaqdır: SPÖ - 58, ÖVP - 50, FPÖ - 35, BZÖ - 21 və Yaşıllar - 19.
Qeyd edək ki, bu, İkinci Dünya müharibəsindən bəri Avstriyanın hər iki böyük partiyasının ən zəif nəticələrə malik olduğu parlament seçkiləridir.
Yerli vaxtla saat 17-də bütün seçki məntəqələri bağlandıqdan sonra 6,33 milyon seçki hüququna malik ölkə əhalisinin 71,5 faizinin seçkilərdə iştirak etdiyi açıqlanmışdır. Seçicilərin təxminən 10 faizi seçki vərəqələrini məktub vasitəsilə seçki məntəqələrinə göndərmişdir. Seçkilərin rəsmi nəticələri oktyabrın 6-da elan ediləcəkdir.
Seçkilərin yekun nəticələri elan edildikdən sonra Avstriyanın federal Prezidenti Haynts Fişer seçkilərdə qalib gəlmiş SPÖ partiyasının sədri Verner Faymana hökuməti təşkil etmək tapşırığını verəcəkdir.