Avtomobil oğurlamış şəxslərin digər cinayət əməlləri də müəyyən edilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Paytaxtın Suraxanı rayonunda Cəmaləddin Tapdıqova məxsus “VAZ-21011” markalı avtomobil oğurlanmışdır.
Oğurluğu törətmiş Bakı sakinləri Məhərrəm İsmayılov, Yusif Nuriyev və Sənan Xəlilov Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin Telman Əliyevə məxsus “VAZ-21011” markalı avtomaşını oğurlamaları da müəyyən edilmişdir.
Yasamal rayonunda isə Bakı sakini Tural Tanrıverdiyevə məxsus “Nissan Maxima” markalı avtomaşın oğurlanmışdır.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Kürdəmir rayon sakini Ceyhun Əliyev tərəfindən qaçırılması və idarə edilərkən Tbilisi prospektində dirəyə vurulması müəyyən edilmişdir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Kürdəxanı qəsəbəsində Bakı sakinləri - əvvəllər məhkum olunmuşlar Əliağa Dadaşovu və Mahir Ağabəyovu şübhəli şəxs qismində saxlamışlar.
Araşdırmalar zamanı onların rayonun Məhəmmədi qəsəbəsində İmişli rayon sakini Sevda Bayramovaya məxsus evdən iki ədəd kombi aparatı oğurlamaları da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.