“AYSU” ƏMTƏƏ NİŞANLI MALLARI ALMAQDAN ÇƏKİNİN!
Bakı, 31 iyul (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət şəbəkələrində keçirilmiş yoxlamalar zamanı məlum olmuşdur ki, Abşeron rayonunun ərazisində - Sumqayıt şosesinin 13-cü kilometrində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-də istehsal edilmiş və 0,2 litrlik plastik stəkanlara qablaşdırılmış “Fruks” seriyalı portağallı sərinləşdirici içkilərin etiketində istehsal və son istifadə tarixləri göstərilməmişdir.
Müəssisədə aparılan yoxlamalarda isə limonadların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, bəzi limonadların və təbii bulaq suyunun etiketlərində onların qazlı suya aid AZ 009-94 standartına uyğun istehsal edildiyi üzə çıxmışdır. Kvasların qapaqlarında lazer vasitəsilə vurulmuş istehsal və son istifadə tarixlərinə əsasən saxlama müddəti 6 ay olduğu halda, məhsulun etiketində saxlama müddəti 12 ay göstərilmişdir. “Fruks” seriyalı sərinləşdirici içkilərin etiketlərində istehsal və son istifadə tarixi göstərilməmişdir. Bundan başqa, qablaşdırılmış günəbaxan tumlarının üzərinə lazer vasitəsilə vurulmuş istehsal və son istifadə tarixinə əsasən, saxlama müddəti 6 ay olduğu halda, etiketlərində saxlama müddəti 12 ay göstərilmiş, məhsulun hansı normativ sənədin tələblərinə uyğun istehsal edildiyi qeyd olunmamışdır.
“Fruks” seriyalı sərinləşdirici içkilərin, qablaşdırılan noxud və noxud ləpəsinin, unun, qara və qırmızı mərcinin, düyünün, şəkər tozunun, lobyanın uyğunluq və gigiyenik sertifikatları, günəbaxan tumlarının uyğunluq sertifikatı, limonadların isə gigiyenik sertifikatı yoxdur.
MMC-nin anbarında mənşəyi məlum olmayan meyvə cemləri və limonad istehsalında xammal kimi istifadə olunan saxlama müddəti ötmüş aromatlaşdırıcılar aşkar edilmiş, hazır məhsulun anbarda saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, sərinləşdirici içkilərin qablaşdırılmasında istifadə olunan polietilen butulkaların istehsalı üçün uyğunluq sertifikatının olmadığı müəyyənləşdirilmişdir.
Müəssisənin anbarındakı məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Aşkar edilmiş pozuntularla əlaqədar yuxarıda adları çəkilən məhsulların istehsalının və satışının dayandırılması, bu malların ticarət şəbəkələrindən geri yığılması, habelə anbarda normativ sənədlərin tələblərinə uyğun olmayan 40 ton məhsulun mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilməsi barədə “Aysu Qida Sənaye LTD” MMC-yə icrası məcburi göstəriş verilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Aysu Qida Sənaye LTD” MMC-nin istehsalı olan “Aysu” əmtəə nişanlı malları almamağı tövsiyə edir.