AZAD RƏHİMOV: OLİMPİYA KOMPLEKSLƏRİNDƏ OLİMPİYA İDMAN NÖVLƏRİ ÜZRƏ BÖLMƏLƏR PULSUZ FƏALİYYƏT GÖSTƏRMƏLİDİR
Bakı, 29 dekabr (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov Olimpiya idman komplekslərində fəaliyyət göstərən idman bölmələrinin pullu olmasına münasibət bildirmişdir.
Nazir demişdir ki, Azərbaycanda Olimpiya idman komplekslərinin tikintisinə 2000-ci ildən başlanmışdır. Sözsüz ki, o vaxt büdcə vəsaitləri məhdud idi. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə idmanın inkişafı üçün müxtəlif təşkilatlara tapşırıq vermişdir ki, öz vəsaitləri hesabına komplekslər tiksinlər. Şəkidə, Zaqatalada, Qusarda, Masallıda, Salyanda, Qazaxda, Şamaxıda belə komplekslər tikilmişdir. Bərdə, Lənkəran və Maştağadakı idman kompleksləri isə Milli Olimpiya Komitəsinin balansındadır. Bu o demək deyil ki, biz digər komplekslərə nəzarət etmirik. Əksinə, bu yaxınlarda bu komplekslərin rəhbərlərinin iştirakı ilə iclas keçirilmiş və onların qarşısına belə bir şərt qoyulmuşdur ki, nazirliyin balansında olan komplekslərdə olduğu kimi, onlarda da ən azı 4-5 olimpiya idman növləri üzrə bölmələr açılmalı və buraya məşqçilər cəlb olunmalıdır. Komplekslərdəki bu bölmələr pulsuz fəaliyyət göstərir. Lakin hovuz üçün abonement alınmalıdır. Çünki hovuzun saxlanması çox vəsait tələb edir.
Nazir bildirmişdir ki, əgər hansısa bir məşqçi kompleksdə idman zalından şəxsi məqsədləri üçün istifadə edərsə, yaxud rayonlarda yaşayan əhali hansısa mini futbol oyunları keçirmək istəsə kompleksə mütləq pul ödəməlidir. Amma gənclər üçün futbol bölməsi pulsuz olmalıdır. Bu iş komplekslərdə nəzarət altındadır. Əgər hansısa bir Olimpiya idman bölməsinin pullu olması faktı aşkarlanarsa, o kompleksin fəaliyyəti dayandırıla bilər.