Azərbaycan –Almaniya təhsil əlaqələrinin perspektivləri müzakirə olunmuşdur
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşmüşdür.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən M.Mərdanov iki ölkənin təhsil sahəsi üzrə səmərəli əlaqələrinin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin fəaliyyətini xüsusi qeyd etmişdir. Təhsil naziri Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə yaradılmış uğurlu əməkdaşlıqdan söz açmış, bu layihənin Azərbaycan və Almaniya tərəfindən dəstəkləndiyini söyləmişdir. Nazir bildirmişdir ki, bu günədək 70-dən çox azərbaycanlı gənc məhz bu proqram çərçivəsində Almaniya universitetlərində təhsil almışdır.
Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın yaradılması baxımından artıq ilkin addımların atıldığını vurğulayan nazir bununla bağlı namizədlərin seçilməsi, onların qeyd olunan ölkəyə göndərilməsi məqsədilə dil kurslarında təhsil alması barədə qonağa məlumat vermişdir.
Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdəki əlaqələrdən bəhs edən Otto Hauzer xüsusilə təhsil sahəsində əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsi üzrə ən çox ehtiyac duyulan istiqamətlərdə kadrların hazırlanması, Azərbaycanda dual peşə təhsili sisteminin yaradılması təklifi ilə çıxış etmişdir.
Görüşdə Almaniyadan peşə təhsili üzrə bir qrup mütəxəssisin bu ilin yayında Azərbaycana səfəri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün əhəmiyyətli olan “Almaniyada kənd təsərrüfatının əsasları” adlı kitabın Azərbaycan dilinə tərcüməsi dual peşə təhsili mərkəzinin yaradılması üzrə layihənin hazırlanması və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.