İQTİSADİYYAT
Azərbaycan "TIBO-2016" informasiya-kommunikasiya sərgi-forumunda təmsil olunub
Bakı, 20 aprel, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən "TIBO-2016" Beynəlxalq informasiya-kommunikasiya sərgi-forumunda iştirak edib. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 40-a yaxın təmsilçi daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 23-cü dəfə təşkil olunan "TIBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) tədbirlərindən biri hesab olunur.
Tədbirin açılış mərasimində Belarus Respublikasının baş naziri Andrey Kobyakov, bu ölkənin rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.
Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.
Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə 3-cü Belarus-Azərbaycan İKT Forumu keçirilib.