Azərbaycan Aİ üçün yalnız enerji deyil, həm də nəqliyyat və təhlükəsizlik sahəsində etibarlı tərəfdaşdır ŞƏRH
Bakı, 7 may, AZƏRTAC
Mayın 5-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısından dərhal sonra Azərbaycana gəlməsi qurumun ölkəmizlə münasibətlərə verdiyi önəmin növbəti göstəricisidir. Bu, Kaya Kallasın son iki ildə Azərbaycana artıq ikinci səfəridir. Xatırladaq ki, o, ötən ilin aprelində də ölkəmizdə səfərdə olub, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib. Bu səfər, ilk növbədə, ondan xəbər verir ki, Avropa İttifaqının əsas icraedici institutu olan Komissiya mövcud geosiyasi konyunkturdan, bölgənin dəyişən geosiyasi və enerji xəritəsindən tam məlumatlıdır və buna uyğun praqmatik, rasional addımlar atmağa üstünlük verir. Bu yanaşma Avropa Parlamentindən fərqlənir, çünki orada yer alan müxtəlif qruplar çox vaxt İttifaqın və üzv dövlətlərin deyil, bəlli erməni lobbi qruplarının maraqlarından çıxış edirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.
O qeyd edib ki, Avropa Parlamentinin 2021-ci ildən bəri qəbul etdiyi 14 qərəzli və reallığı nəzərə almayan qətnaməsi üzv ölkələr üçün heç bir hüquqi öhdəlik daşımır. Avropa İttifaqının hüquq sistemində sənədlər bir neçə kateqoriyaya bölünür, direktivlər, tənzimləyici hüquqi aktlar və qərarlar üzv ölkələr üçün məcburi xarakter daşısa da, qətnamələr belə bir hüquqi öhdəlik yaratmır. Bu qətnamələr daha çox siyasi gündəliyi formalaşdırmaq üçün tətbiq edilir. Bir çox hallarda bu qətnamələrin qəbulunda parlament üzvləri öz maraqlarını və ya onları dəstəkləyən tərəflərin maraqlarını ön plana çəkirlər. Digər tərəfdən, aydın məsələdir ki, Avropa Parlamentinin üzv olmayan ölkələrlə bağlı qətnamə vermək mandatı da yoxdur. Lakin təəssüf ki, son dövrlərdə siyasətin tez-tez hüquqi çərçivələri aşdığının və hüquqa məhəl qoyulmadığının şahidi oluruq. Parlamentin qətnamələrinin hüquqi effektivliyi olmasa da, Komissiyanın vitse-prezidenti kimi ali nümayəndənin Azərbaycana səfər edərək Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirməsi onu göstərir ki, Avropa İttifaqı rəhbərliyi ölkəmizlə strateji tərəfdaşlığın əhəmiyyətini dərindən dərk edir və bu əməkdaşlığı genişləndirmək istəyir.
S.Zahidovun sözlərinə görə, hazırkı reallıq ondan ibarətdir ki, Avropa İttifaqının Azərbaycana böyük ehtiyacı var. Rusiya-Ukrayna müharibəsinin başlamasından altı ay sonra 2022-ci ildə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıya səfər edib. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu memorandum 2027-ci ilə qədər Azərbaycanın Aİ-yə qaz ixracını iki dəfə artırmağı və bərpaolunan enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir ki, bunların da 10-u Avropa İttifaqının üzvüdür. Ən sonda Almaniya və Avstriya da bu siyahıya qoşuldu. Lakin Azərbaycan Avropa İttifaqı üçün yalnız enerji deyil, həm də nəqliyyat və təhlükəsizlik sahəsində etibarlı tərəfdaşdır. Kaya Kallas son Bakı səfərində də bildirdi ki, Avropa İttifaqı dəyişən geosiyasi şəraitdə yaranmış təhlükələr səbəbindən Orta Dəhlizə böyük əhəmiyyət verir. Mərkəzi Asiyanı Xəzər və Qara dəniz vasitəsilə Avropaya bağlayan bu dəhlizin və Zəngəzur dəhlizinin əsas komponentlərindən biri məhz Azərbaycandır. Avropa İttifaqının bu layihələrə marağı həm geosiyasi, həm də bölgədəki sabitliklə əlaqədardır.
Mütəxəssis qeyd edib ki, artıq doqquz aydan çoxdur Azərbaycan və Ermənistan arasında faktiki sülh hökm sürür. Azərbaycan bu sülhün əsas təşəbbüskarı kimi Cənubi Qafqazın yeni regional sabitlik arxitekturasının formalaşmasında aparıcı rol oynayır. Bu sülh prosesi artıq təkcə diplomatik deyil, həm də operativ və praktiki xarakter daşıyır. Azərbaycan Ermənistanla tranzit əlaqələrini faktiki bərpa etdi. Bu günlərdə Azərbaycandan keçməklə Rusiyadan Ermənistana ilk dəfə alüminium, ondan əvvəl isə neft məhsulları və taxıl göndərildi. Bu, Bakının sülh gündəminə təkcə sözdə deyil, işdə də sadiq olduğunu sübut edir. Eyni zamanda, Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinə də töhfə verir. Yaxın Şərqdəki eskalasiya fonunda Ermənistanda yarana biləcək enerji qıtlığının qarşısının alınmasında Azərbaycanın göndərdiyi neft məhsulları mühüm rol oynadı. Beləliklə, hazırda Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əsasən nəqliyyat, enerji və təhlükəsizlik sahələrində özünü göstərsə də, gələcəkdə süni intellekt, rəqəmsal infrastruktur və bərpaolunan enerji istiqamətlərində bu əlaqələrin daha da dərinləşməsi gözlənilir.