Cənubi Qafqazda yeni iqtisadi reallıq: Azərbaycanın enerji siyasəti regionda sabitliyi gücləndirir - AÇIQLAMA
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan ilə Ermənistan arasında iqtisadi münasibətlərin tədricən inkişaf etməsi regionda yeni əməkdaşlıq mərhələsinin formalaşdığını göstərir. Qarşılıqlı iqtisadi maraqlar əsasında yaranan münasibətlər Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi, regional kommunikasiyaların genişlənməsi və iqtisadi canlanmanın sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.
Onun sözlərinə görə, son illər regionda müşahidə olunan geosiyasi dəyişikliklər ölkələri daha praqmatik və iqtisadi əsaslı əməkdaşlığa sövq edir.
“Xüsusilə nəqliyyat, logistika və enerji sahələrində yaranan yeni reallıqlar Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Azərbaycan regionun aparıcı iqtisadi gücü kimi yalnız öz milli maraqlarını deyil, bütövlükdə bölgənin iqtisadi dayanıqlığını təmin edən layihələr həyata keçirir. Bakı tərəfindən reallaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri regional inteqrasiyanı gücləndirməklə yanaşı, qonşu ölkələrin iqtisadi sabitliyinə də müsbət təsir göstərir. Azərbaycan uzun illərdir regionda etibarlı tərəfdaş imicini qoruyur. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən siyasət təkcə Avropa üçün deyil, Cənubi Qafqaz ölkələri üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik fonunda Azərbaycanın rolu daha aydın görünür”, – deyə Cafer Dal vurğulayıb.
Cafer Dalın sözlərinə görə, əgər regionda enerji balansını qoruyan böyük layihələr və Azərbaycanın sabit enerji siyasəti olmasaydı, Ermənistan enerji qıtlığı ilə qarşılaşa bilərdi: “Bu isə həm sənaye sektoruna, həm də sosial sahəyə ciddi təsir göstərə bilərdi. Hazırda Ermənistanda enerji qiymətlərinin sabit qalması regionda formalaşmış ümumi enerji təhlükəsizliyi mühitinin nəticələrindən biridir. İqtisadi münasibətlərin inkişafı gələcəkdə regionda daha geniş əməkdaşlıq imkanları yarada bilər. Onun fikrincə, kommunikasiyaların açılması, tranzit marşrutlarının genişlənməsi və qarşılıqlı iqtisadi əlaqələrin artması Cənubi Qafqazı beynəlxalq ticarət və logistika baxımından strateji mərkəzə çevirə bilər. Azərbaycan Orta Dəhliz, enerji ixracı və regional bağlantılar baxımından mühüm mövqeyə malikdir. Bu amillər ölkənin həm Avropa, həm Türk dünyası, həm də region dövlətləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır. Bakı tərəfindən həyata keçirilən balanslı xarici siyasət və iqtisadi əməkdaşlıq təşəbbüsləri regionda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir”.
Türkiyəli ekspert əlavə edib ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması iqtisadi inteqrasiyanın sürətlənməsi üçün əsas şərtlərdən biridir. Bu baxımdan iqtisadi əməkdaşlıq platformalarının genişlənməsi region ölkələri arasında qarşılıqlı etimadın güclənməsinə də töhfə verə bilər.
C.Dalın fikrincə, qarşıdakı illərdə enerji, logistika və ticarət sahələrində əməkdaşlığın genişlənməsi region ölkələrinin beynəlxalq iqtisadi sistemə inteqrasiyasını daha da gücləndirəcək və Cənubi Qafqazın qlobal geosiyasi əhəmiyyətini artıracaq.
Müxbir-Vüqar Qurbanoğlu