İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir – ŞƏRH
Bakı, 8 may, AZƏRTAC
Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü həm ikitərəfli münasibətlər, həm də regional və qlobal siyasət baxımından çoxşaxəli məna daşıyır. Azərbaycan uzun illərdir balanslı və çoxvektorlu diplomatiya yürüdür. İlham Əliyevin siyasəti həm Qərb, həm də Şərq dövlətləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirməklə milli maraqları qorumağa yönəlib. Göründüyü kimi, İtaliya ilə münasibətlər bu xəttin Avropa istiqamətində ən mühüm dayaqlarından biridir. İtaliya Avropa İttifaqında Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və enerji sahəsində strateji müttəfiqdir.
Politoloq Aydın Tağıyev AZƏRTAC-a bildirib ki, ikitərəfli görüşün mərkəzində enerji məsələləri dayanır, Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı mənbə kimi çıxış edir.
“Digər tərəfdən xüsusilə vurğulamaq istərdim ki, Cənub Qaz Dəhlizi layihəsi və onun genişləndirilməsi Avropa üçün həyati əhəmiyyət daşıyır. İtaliyanın bu dəhlizin son nöqtəsi olması Azərbaycanın Avropa enerji xəritəsindəki rolunu daha da gücləndirir. İtaliya Nazirlər Şurasının sədri Meloninin Azərbaycanı “körpü” kimi təqdim etməsi ölkəmizin həm enerji, həm də siyasi sabitlik baxımından Avropa ilə Cənubi Qafqaz arasında strateji bağ olduğunun bariz nümunəsidir. Ölkələrimiz arasında iqtisadi və mədəni əməkdaşlıq uğurla davam edir. Bu mühüm görüşdə yalnız enerji deyil, həm də investisiya, infrastruktur və mədəni əlaqələr müzakirə olunub. İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, mədəniyyət sahəsində də uzunmüddətli əməkdaşlıq aparır. Bu, iki ölkə arasında münasibətlərin yalnız iqtisadi deyil, həm də humanitar mədəni əsaslara söykəndiyini göstərir. İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi regional sabitlik və sülh gündəliyi xüsusi vurğulanmalıdır. Bu konsept Azərbaycanın Cənubi Qafqazda oynadığı aparıcı rolu və diplomatik təşəbbüslərinin strateji mahiyyətini açır”, - deyə politoloq qeyd edib.
Aydın Tağıyev əlavə edib ki, İtaliya ilə strateji tərəfdaşlıq bu mövqeyi gücləndirir və Avropa dövlətlərinin regionda sülh prosesinə dəstəyini artırır: “Bu, eyni zamanda Ermənistanla münasibətlərin normallaşması və regionda yeni əməkdaşlıq formatlarının yaranması üçün əlavə imkanlar açır. Onu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan və İtaliya NATO çərçivəsində tərəfdaşdır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Avropa İttifaqı ilə münasibətlərdə İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir. Bu görüş həmin xəttin davamlılığını təsdiqləyir.
İlham Əliyev və Ciorcia Meloni arasında keçirilən görüş Azərbaycan-İtaliya münasibətlərini yeni strateji mərhələyə yüksəldir. Bu, Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu gücləndirməklə yanaşı, ölkəmizin regional liderlik mövqeyini möhkəmləndirir. Görüş həm ikitərəfli əməkdaşlıq, həm də regional sabitlik baxımından yeni imkanlar açır və Azərbaycanın uğurlu xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşür”.