Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələr misilsizdir - ŞƏRH
Bakı, 8 may, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın strateji və həlledici rolu olub. Müharibə illərində 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb, onların 300 mindən çoxu həlak olub. Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümunəsi göstərib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib.
O qeyd edib ki, azərbaycanlı döyüşçülərin İkinci Dünya müharibəsində göstərdikləri şücaət tarixə qızıl hərflərlə yazılıb.“İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin, İsrafil Məmmədovun və digər qəhrəmanlarımızın xidmətləri danılmazdır. Ümumiyyətlə, 416-cı Taqanroq Azərbaycan diviziyasının və digər milli hərbi birləşmələrin müharibədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır”, – deyə o vurğulayıb.
İ.Rüstəmlinin sözlərinə görə, Azərbaycanın ən böyük xidmətlərindən biri arxa cəbhədə göstərdiyi dəstək olub.
“Təbii ki, insan itkiləri bizim üçün heç nə ilə ölçülməyən ağır itkilərdir. Lakin həmin dövrün ictimai-siyasi və hərbi şəraitini nəzərə aldıqda, Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələrin misilsiz olduğunu görürük”.
O vurğulayıb ki, Azərbaycan neftinin müharibədəki rolu həlledici və müəyyənedici xarakter daşıyıb.
“Həmin dövrdə tankların, təyyarələrin və digər hərbi texnikanın yanacaqla təmin olunmasında Azərbaycan nefti əsas rol oynayırdı. Azərbaycan benzininin, dizel yanacağının və digər neft məhsullarının keyfiyyəti olduqca yüksək idi. Bu məhsullar hətta ən sərt şaxtalı hava şəraitində belə öz keyfiyyətini və yararlılığını qoruyub saxlayırdı”.
İ.Rüstəmli bildirib ki, Bakı şəhəri əslində “Qəhrəman şəhər” adına layiq idi. “Bu məsələ dəfələrlə qaldırılsa da, təəssüf ki, öz ədalətli həllini tapmadı. Çünki cəbhəyə göndərilən neftin 80-90 faizi məhz Azərbaycanın payına düşürdü. Məhz buna görə də Hitlerin planlarında Bakının işğalı prioritet məsələlərdən biri idi. Bu barədə həmin dövrə aid hərbi və tarixi xronikalarda kifayət qədər materiallar mövcuddur”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan xalqının faşizm üzərində qələbədə rolu həm ön cəbhədə, həm də arxa cəbhədə müstəsna olub.
“Azərbaycan zəhmətkeşlərinin, fəhlələrinin və xüsusilə neft sənayesinin xidmətləri danılmazdır. Təəssüf ki, bəzi hallarda qələbə yalnız bir xalqın adı ilə əlaqələndirilir. Halbuki keçmiş Sovet İttifaqına daxil olan bütün xalqlar, o cümlədən Azərbaycan xalqı bu qələbənin əldə olunmasında böyük və müəyyənedici rol oynayıb”, – deyə İ.Rüstəmli bildirib.
Ekspert qeyd edib ki, bu gün Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarına və onların ailələrinə göstərilən diqqət dövlətin həmin insanlara verdiyi yüksək dəyərin göstəricisidir.
“Hazırda dövlət tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına, onların ailələrinə maddi yardımlar göstərilir, sosial müdafiə tədbirləri həyata keçirilir. Bu, Azərbaycanın həmin müharibədə iştirak etmiş insanlara və onların xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir”, – deyə hərbi ekspert əlavə edib.
Müxbir-Nailə Həsənova