AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİNİN SƏDRİ ANKARADA SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Ankaraya səfərə gəlmişdir. Ali Məhkəmənin sədri və onu müşayiət edən rəsmi şəxslər Ankaradakı Heydər Əliyev parkına gələrək, ulu öndərin burada ucaldılmış abidəsinin önünə əklil qoymuşlar. Onlar Türkiyə paytaxtının ən gözəl guşələrindən birinə çevrilmiş parkla yaxından tanış olmuşlar.
Səfərin ilk günü Ramiz Rzayev Türkiyənin ədliyyə naziri Məhmət Əli Şahin, Ali Məhkəmənin sədri Həsən Gerçəkər, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç və baş prokuror Əbdürrəhman Yalçınkaya ilə görüşmüşdür.
Ramiz Rzayev səfərinin məqsədi və keçirdiyi görüşlərin yekunu ilə bağlı müxbirimizə demişdir: “Məhkəmə-hüquq sistemindəki əməkdaşlıq Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə qardaşlıq münasibətlərinin tərkib hissəsidir. Ötən il Türkiyə Ali Məhkəməsinin sədri Bakıda səfərdə olarkən biz əməkdaşlıq haqqında Memorandum imzalamışdıq. Bu gün türkiyəli həmkarımın dəvəti ilə Ankarada səfərdəyik. Əsas məqsədimiz qardaş ölkələrimizin məhkəmə sistemləri arasında əməkdaşlığı daha da genişləndirmək, hakimlərimizin iştirakı ilə birgə treninq və konfransların keçirilməsini təşkil etməkdir”.
Ramiz Rzayev bildirmişdir ki, səfər zamanı hər hansı bir sənədin imzalanacağı gözlənilmir.
Görüşlərdə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov iştirak etmişdir.
Aprelin 15-də Ramiz Rzayevi Türkiyə Prezidenti Abdullah Gül və parlamentin sədri Köksal Toptanın qəbul edəcəyi planlaşdırılır.
