Azərbaycan alimləri Almaniyada uğur qazanıb
Bakı, 18 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
Almaniyanın Hannover şəhərində “İnternationaler Kongress Fachmesse” adlı Beynəlxalq Konqres keçirilib. Konqresdə Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrasının əməkdaşları - tibb elmləri doktoru Novruz Hacıyev, tibb üzrə fəlsəfə doktoru Elman Tağıyev iştirak və çıxış ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə həkimlərimizin elmi məruzəsi maraqla dinlənilib. Gənc alim N.Hacıyev konqresin cərrahi panelinə sədrlik edib və gizli səsvermə yolu ilə Almaniyanın Təbiət Akademiyasına üzv seçilib.
Hər iki nümayəndəmiz tədbirdə aktiv fəaliyyətlərinə, təqdim etdikləri elmi məruzələrin aktuallığına və müasir elmi əhəmiyyətinə görə konqresin təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib.
Konqresin sonuncu günü N.Hacıyev “Paster” medalına, E.Tağıyev isə “Kox” medalına layiq görülüblər.