REGİONLAR
AZƏRBAYCAN BERLİNDƏ KEÇİRİLƏN ƏNƏNƏVİ “BEYNƏLXALQ YAŞIL HƏFTƏ”DƏ FƏAL İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 18-dən Almaniyanın paytaxtı Berlində start götürmüş ənənəvi “Beynəlxalq Yaşıl Həftə” başa çatmışdır.
Ötən il imzalanan niyyət protokoluna əsasən, bu ildən Azərbaycan da sərgidə iştirak etmişdir. Artıq 70 ildir ki, təşkil olunan kənd təsərrüfatı sərgisinə 60-a yaxın ölkə qatılmışdı. Yanvarın 27-nə qədər davam edən sərgi üçün 118 min kvadratmetr ərazi ayrılmışdı. Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, eləcə də 15 iri şirkət təmsil edirdi.
Sərgi çərçivəsində bir sıra mədəni tədbirlər də keçirilmişdir. Sərgidə milli musiqimiz səslənmiş, xalça dəzgahında Azərbaycan xalçasının toxunuşu nümayiş etdirilmişdir.
Sərgidən qayıdan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Baş direktoru Razim Vəliyevin dediyinə görə, Azərbaycan üçün ayrılan 115 kvadratmetrlik pavilyonda müxtəlif kənd təsərrüfatı məhsulları nümayiş olunmuş, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, kitabçalar, disklər paylanmışdır.
Xarici şirkətlər Azərbaycan məhsullarına xüsusi maraq göstərmişlər. Gələcək əməkdaşlıqla bağlı müqavilələr imzalanmışdır.