AZƏRBAYCAN BƏSTƏKARININ “NYU-YORK MƏRSİYƏLƏRİ”
Məşhur Azərbaycan bəstəkarı və orqançısı, “İohann Sebastyan Baxın varisləri” (Almaniya) beynəlxalq medalına layiq görülmüş Arif Mirzəyev Qərb ölkələrində Şərqin polifonik, orqan, memorial və mərsiyə musiqisinin ustadı kimi tanınmışdır. İngiltərə, Şotlandiya, ABŞ və Fransanın ən böyük kilsələrində yüksək məharətlə səsləndirilmiş “Baxın xatirəsinə orqan simfoniyası”nın müəllifi qlobal faciə və fəlakətlər, o cümlədən Qarabağ mövzusunda da bir sıra diqqətəlayiq əsərlər bəstələmişdir. Onlardan Almaniya mütəxəssislərinin yüksək qiymətləndirdikləri və dünya musiqisində ilk İslam matəm messasını, xor, orkestr, orqan və iki xanəndə üçün yazıliış, Azərbaycan milli televizisiyasının hər il yanvarın 20-də səsləndirdiyi “Yanvar mərsiyələri”nin, habelə Moskvada nəşr olunmuş orqan üçün “Xocalının nakam uşaqlarına laylay”ın, solo örqan üçün “Şahzadə Dianaya sarabanda”nın, “Şotlandiya uşaqlarına orqan sicilianası”nın, “Kursk sualtı qayığının qurbanlarına” xatirə xoral prelüdiyasının adlarını çəkmək kifayətdir. İndi isə bəstəkar unuda bilmədiyi kədərli mövzuya yenidən qayıdaraq, ABŞ-da 11 sentyabr faciəsinə həsr olunmuş əsər yaratmışdır.
Azərbaycan bəstəkarının yeni əsəri “Nyu-York mərsiyələri - 2001” (Nyu-York şəhidləri üçün matəm musiqisi) adlanır. Elə əsərin adı, onun musiqi dramaturgiyası partlayışdan sonra od-alovun içində qalan və 110 mərtəbəli iki nəhəng göydələn binada külə dönən, oradan öz qohum-əqrəbası ilə cib telefonlarının köməyi ilə vidalaşan çoxsaylı insannın başına gəlmiş dəhşətli faciəni tam dolğunluğu ilə ifadə edir.
“Nyu-York mərsiyələri - 2001” təxminən 20 dəqiqə səslənən iri xoral fantaziyadır və dünyada ən yaxşı kamera orkestrlərindən biri, görkəmli altçı Yuri Başmetin rəhbərlik etdiyi “Moskva solistləri”nın ifası üçün nəzərdə tutulmuşdur. Əsər alt ilə violonçelin solo partiyalarının dueti ilə başlayır, sonra isə kulminasıyada bütün orkestrin ifasında kədərli, amma nikbin bir ahənglə sona yetir.
Bu yaxınlarda ABŞ-ın Rusiyadakı səfirliyinin tövsiyəsinə əsasən, bu əsərin partiturası faciənin ildönümü ilə əlaqədar Nyu-Yorkda veriləcək xatirə konsertlərində ifa olunmaq üçün bu şəhərin meriyasına göndərilmişdir.