Azərbaycan Beynəlxalq səhiyyə sərgisində 17 ölkədən 130 şirkət iştirak edəcəkdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Bakı Ekspo Mərkəzində “İteca Caspian LLC” və “İTE Group PLC” şirkətlərinin təşkilatçılığı ilə ənənəvi 19-cu Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (BİHE), 8-ci Azərbaycan Beynəlxalq stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgiləri açılacaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 30-da Bakıda sərgilərin açılışı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilmişdir.
Mətbuat konfransında çıxış edən “İTE Group PLC” şirkətinin icraçı direktoru Edvard Stroon bildirmişdir ki, builki sərgilərdə iştirakçıların sayında 20 faiz artım qeydə alınmışdır. Sərgidə 17 ölkədən 130 şirkətin müasir tibb sahəsi üçün zəruri olan ən yeni texnologiyaları nümayiş etdiriləcəkdir. Diqqətə çatdırılmışdır ki, ilk dəfə olaraq sərgi çərçivəsində dünyanın 20-dən artıq müxtəlif klinikasını əhatə edən “Tibbi turizm” bölməsi fəaliyyət göstərəcəkdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə sərgilərin ölkəmiz üçün əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, belə sərgilərinin keçirilməsi Azərbaycan səhiyyəsinin həm özəl, həm də dövlət sektorunun inkişafına müsbət təsir göstərir, eyni zamanda, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, təcrübə mübadiləsinin aparılmasına müəyyən töhfələr verir.
A.Qədirli qeyd etmişdir ki, müayinə texnologiyaları ildən ilə yenilənir. Buna görə də həkimlər də hər zaman müasir dövrdə baş verən tibbi yenilikləri və yeni texnologiyaları izləməlidirlər. Bu baxımdan 19-cu Azərbaycan Beynəlxalq səhiyyə sərgisi ən əlverişli məkandır.
Tədbirdə sərgilərin meneceri Elmira Ağayeva demişdir ki, regionda yeganə tibb və səhiyyə sərgisi olan BIHE dövlət təşkilatlarının nümayəndələrini, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçılarını, terapevtlər və tibb sənayesi mütəxəssislərini bir araya gətirəcəkdir. Sərgilər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
Məlumat verilmişdir ki, BIHE sərgisində ənənəvi olaraq tibbi məhsul və xidmətlər təqdim ediləcəkdir. Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edəcəklər. Çex Respublikası isə ilk dəfə olaraq bu ölkənin Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə milli ekspozisiya ilə çıxış edəcəkdir. Sərgi çərçivəsində tibbi turizm mövzusunda seminar keçiriləcəkdir. 7-ci Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisində isə gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş istifadə olunan məhsul və texnologiyaları təqdim olunacaqdır.
Sərgilər noyabrın 2-dək davam edəcəkdir.