Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin tarixi dəyişdirilmişdir
Bakı, 23 iyul (AZƏRTAC). Azərbaycan Beynəlxalq Səhiyyə (BIHE) sərgisinin keçirilmə tarixi dəyişdirilmişdir.
Sərginin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəl sentyabr ayına planlaşdırılan “BIHE 2013” sərgisi oktyabrın 31-dən noyabrın 2-dək keçiriləcəkdir. Tibb və səhiyyə sahəsində regionun yeganə ixtisaslaşdırılmış tədbiri olan BIHE sərgisi hökumət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş meydançasına çevrilmişdir. BIHE sərgisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənməsi sərginin yüksək statusunu sübut edir. Sərgiyə həm xarici, həm də yerli şirkət və təşkilatların göstərdikləri maraq artıq hazırkı mərhələdə sərgi ekspozisiyasının ötən il ilə müqayisədə 20 faiz artacağını proqnozlaşdırmağa imkan verir.
BIHE sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edir: tibb və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istifadə (sərfiyyat) materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnologiyalı diaqnostika və müalicə metodları, səmərəli texnologiya və xidmətlər, tibbi texnika və s. BIHE sərgisinə paralel olaraq, həmin tarixlərdə daha iki tədbir - 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya sərgisi və “Beauty Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik tibb sərgisi keçiriləcəkdir.
Builki sərgidə Azərbaycan, Belarus, Almaniya, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edirlər. Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə sərgiyə qoşulan Çexiya ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edəcəkdir. Türkiyənin klinikaları bu il növbəti dəfə sərgidə iştirak edirlər. Yerli iştirakçıların siyahısına “Medeks”, “Labservis”, “CaspiDent”, “Beauty Aesthetic”, “Gazelli”, ZNK və s. şirkətlər daxildir.