AZƏRBAYCAN BMT AİLƏSİNƏ ÜZV OLDUQDAN SONRA ÇOX CİDDİ ADDIMLAR ATMIŞDIR
Bakı, 2 mart (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatına üzvlük dövlətlərin özünütəsdiqinin ilk addımıdır. Azərbaycan da həmin addımı atmış və 1992-ci il martın 2-də bu beynəlxalq təşkilata üzv qəbul olunmuşdur. BMT-nin bərabərhüquqlu üzvü kimi Azərbaycan özünün pozulmuş hüquqlarının bərpası istiqamətində səylər göstərir.
Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 18-ci ildönümü ilə bağlı məsələyə münasibət bildirərkən demişdir.
B.Muradova bildirmişdir ki, BMT-nin bəzi strukturlarının Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan dünyada baş verən proseslərə də BMT müstəvisində öz münasibətini bildirir. Dünyanın bu ən mötəbər təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 1993-cü ildə dörd qətnamə qəbul etmişdir. 2008-ci ildə isə təşkilatın Baş Məclisinin sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” sənəd qəbul olunmuşdur. Eyni zamanda, GUAM ərazilərində mövcud olan münaqişələr də BMT-nin gündəmindədir.
B.Muradova bildirmişdir ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev BMT-nin yüksək tribunasından çıxış edərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmışlar.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın səsi BMT-də eşidilməkdədir. Artıq beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi ilə hesablaşırlar. BMT isə öz növbəsində zəngin mədəniyyətə, qədim tarixi ənənələrə malik olan Azərbaycan kimi ölkə qazanmışdır. Azərbaycanın BMT-yə üzv olması hər iki tərəfin uğurudur.
Milli Məclisin sədr müavininin sözlərinə görə, BMT üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində də mühüm addımlar atmalıdır. Təşkilat hansısa qərar qəbul edir, amma onun icrasında çətinliklərlə qarşılaşır. Ona görə də, təşkilatın daxilində islahatlar aparılmalıdır.