İQTİSADİYYAT
Azərbaycan cari ildə Avropaya hansı həcmdə təbii qaz ixrac edib?
![Azərbaycan cari ildə Avropaya hansı həcmdə təbii qaz ixrac edib?](/files/2021/2/1200x630/16295426953780221259_1200x630.jpg)
Bakı, 21 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 7 ayda ölkəmizdən İtaliyaya dəyəri 658,3 milyon ABŞ dolları olmaqla 2 milyard 561,5 milyon kubmetr, Yunanıstana 96,1 milyon dollarlıq 344 milyon kubmetr, Bolqarıstana isə 19,3 milyon dollarlıq 134,9 min kubmetr təbii qaz ixrac edilib.
Hesabat dövründə Türkiyəyə 974,4 milyon dollarlıq 6 milyard 793,2 milyon kubmetr, Gürcüstana 261,7 milyon dollarlıq 2 milyard 94,4 milyon kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, ilin ilk 7 ayında ölkədən ümumilikdə 12 milyard 61,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 14,9 milyon dollar təşkil edib.
Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.
TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.
Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropaya ildə 10 milyard kubmetr qaz nəql olunacaq.