MƏDƏNİYYƏT
Azərbaycan cazmenləri Qrenoblda çıxış etmişlər
![](/files/galleryphoto/2013/3/1200x630/14079269053126512146_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269053988638623_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269051766339328_1200x630.jpg)
Paris, 11 noyabr (AZƏRTAC). Fransada keçirilən “Cazkolor“ beynəlxalq caz festivalı çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Trio Elçin Şirinov“ caz qrupu Parisdən sonra Fransanın Qrenobl şəhərində konsert proqramı ilə çıxış etmişdir.
Konsert şəhərin “İncəsənət Kafesi” caz klubunda baş tutmuşdur. Qrupun üzvləri-pianoda Elçin Şirinov, gitarada Səlim Məmmədov və zərb alətlərində Elvin Bəşirov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini ifa etmişlər.
Azərbaycanlı cazmenlərin çıxışları tələbkar fransız musiqisevərləri tərəfindən böyük maraqla qarşılanmış və onlar bir neçə dəfə səhnəyə dəvət edilmişlər.
Qonaq qismində konsertdə iştirak edən məşhur saksofon ifaçısı Babi Klavel və müğənni Fred Kazak da musiqiçilərimizin müşayiəti ilə bir neçə əsər ifa etmişlər. B. Klavel azərbaycanlı musiqiçilərlə ilk dəfə çıxış etməsindən məmnunluq hissi keçirdiyini, qrupun gənc olmasına baxmayaraq çox böyük peşəkarlıq nümayiş etdirdiyini bildirmişdir.
Azərbaycanda bir neçə dəfə olduğunu xatırladan F. Kazak isə atasının vətəni olan Azərbaycandan gələn musiqiçilərin hər dəfə konsertini dinləməkdən böyük qürur hissi keçirdiyini diqqətə çatdırmışdır.
Sonda tamaşaçılar konsertdən böyük təəssüratla ayrıldıqlarını və belə konsertlərin şəhərlərində tez-tez təşkil edilməsi arzusunda olduqlarını bildirmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris