SİYASƏT
Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Cinvu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən nazir müavini Xələf Xələfov Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Sun Cinvu təmsil etdiyi Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
Söhbət zamanı xalq diplomatiyasının təşviqi istiqamətində Fond və Cəmiyyət arasında əməkdaşlıq təqdirəlayiq hesab edilib və bunun insanlararası təmasların artırılmasında əhəmiyyəti qeyd olunub.
Həmçinin regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğu qarşılıqlı şəkildə vurğulanıb. İki ölkənin Çinin “Bir Yol, Bir Dəhliz” layihəsi çərçivəsində əməkdaşlıq imkanları qeyd olunub, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirdiyi və vacib coğrafi məkana uyğun olaraq, güclü tranzit qovşaq infrastrukturu yaratdığı bildirilib.
Nazir müavini Azərbaycan Respublikasının Vahid Çin siyasətini dəstəklədiyini bildirib, Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbulunda BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi oynadığı əhəmiyyətli roluna və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsinə dair nümayiş etdirdiyi mövqeyinə görə təşəkkür edib.
Sun Cinvu Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dair mövqeyini təsdiqləyərək, Azərbaycan Respublikasının Vahid Çin siyasətini dəstəklədiyini yüksək qiymətləndirib.
Sonda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi qarşılıqlı şəkildə dəstəklənib.