Azərbaycan Cüdo Federasiyasının prezidenti millimizin üzvləri ilə görüşüb
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində milli komandamızın üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Natiq Bağırov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Öz növbəsində, R.Abdullayev dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, dünya çempionatı kimi nüfuzlu yarışın Azərbaycana həvalə olunması bunun bariz nümunəsidir. ACF prezidenti cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.
Görüşdə federasiyanın vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, həmçinin, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev iştirak edib.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.