MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Musiqili Teatrında Milli Qurtuluş Günü qeyd olunmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Azərbaycan Dövlət Musiqili Teatrında Milli Qurtuluş Günü münasibətilə yaradıcı kollektivin yığıncağı keçirilmişdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimi açan teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev 1993-cü il 15 iyun tarixinə söykənən Milli Qurtuluş Gününü şərəfli tarix kimi dəyərləndirmişdir.
Vurğulanmışdır ki, bu əlamətdar tarix istər o dövr, istərsə də ölkənin gələcək ictimai-siyasi həyatı üçün əhəmiyyətlidir. Teatrın direktoru ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını, siyasi fəaliyyətini, Azərbaycan xalqının beynəlxalq aləmdə tanınması istiqamətində misilsiz xidmətlərini, həyata keçirdiyi quruculuq işlərini və bilavasitə milli mədəniyyətimizin inkişafında göstərdiyi qayğını diqqətə çatdırmışdır.
Tədbirdə teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Telli Pənahqızının Milli Qurtuluş Günü ilə əlaqədar məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, bu bayram onu dəyərləndirən, qədir-qiymətini dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, “dünən” deyib, tarixin bir küncünə qoyulan o çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrini öz gözləri ilə görən insanlar üçün 15 iyun əsl xilas günü, məmləkətimizin ölüm-dirim mübarizəsinin qələbə ilə möhürlənmiş yaşam kimliyidir.
Xalq artistlərindən Afaq Bəşirqızı, İlham Namiq Kamal, gənc aktrisa Gültac Əlili ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndərin Azərbaycan mədəniyyətinə, xüsusilə də teatr xadimlərinə diqqət və qayğısından danışmışlar.
Vurğulanmışdır ki, Ümummilli Liderin siyasi, iqtisadi və mədəni kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan dövlətçiliyinin qorunmasında, inkişafında və dünyaya inteqrasiyasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin danılmaz zəhmətinin bəhrəsi kimi qiymətləndirilən Milli Qurtuluş Gününün dəyərini, xalqın tarixində mühüm rol oynadığını qeyd etmişdir.
Yığıncaqda vurğulanmışdır ki, Azərbaycan xalqı Ümummilli Liderimizin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin tərəqqisi naminə onun gördüyü işləri dəstəkləyir.