Azərbaycan Dövlət Neft və Sənaye Universiteti daha iki qurumla əməkdaşlıq edəcək
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəb ilə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutu və “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində universitetin rektoru, professor Mustafa Babanlı təhsil müəssisəsinin fəaliyyəti, qazanılan uğurlar barədə məlumat verib. ADNSU-da sənaye müəssisələri ilə əlaqələrə xüsusi önəm verildiyini qeyd edən rektor əsas məqsədin müasir tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin hazırlanması olduğunu vurğulayıb. Universitetdə tələbələrin innovativ biznes qurması üçün startap mərkəzinin fəaliyyət göstərdiyini deyən M.Babanlı sənaye sahələrinə innovativ ideyaları olan tələbə və məzunların da cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.
Rektor, eyni zamanda, elmi məsələlərdə birgə əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev müəssisələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov birgə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Sonra əməkdaşlığa dair müqavilə imzalanıb.