Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində musiqili-poetik instalyasiya – tamaşa təqdim olunacaqdır
Bakı, 31 may (AZƏRTAC). İyunun 2-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, “DIDI International” terapevtik mərkəzi və “RotarAct” gənclər təşkilatının “kreativ art” qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında “Abşeron barədə əfsanə” adlı muğam improvizəsi və xoreoqrafik pantomima elementləri ilə müşayiət olunan səhnələşdirilmiş musiqili-poetik instalyasiya - tamaşa təqdim ediləcəkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, musiqili tamaşa böyüməkdə olan nəslin təhsilində və kreativ inkişafında yeni üsulların axtarışı və hazırlanması, beynəlxalq və ictimai təşkilatların mədəni inteqrasiya vasitəsilə fiziki imkanları məhdudlaşdırılmış uşaqların psixoloji reabilitasiya probleminə diqqətini cəlb etmək məqsədi daşıyır.
“Abşeron barədə əfsanə” Azərbaycanın milli mədəniyyəti və ənənələrinin kontekstinə uyğun olan kosmoqonik mifin teatralizə edilmiş müəllif versiyası olduğuna görə sosial və maarifləndirmə məsələləri ilə yanaşı, proqramın məqsədinə vətənpərvərlik-maarifləndirmə tərbiyəsi də daxildir.
Azərbaycanın dramaturgiya təcrübəsində ilk dəfə olaraq səhnədə bu torpağın özünəməxsus səsi və xarakteri - “Abşeron” obrazı yaradılacaqdır. Səhnə əsəri Abşeronun dənizlə poetik dialoqu üzərində qurulmuşdur. Bütün tamaşa Azərbaycanın qədim rəsm və arxetipləri ilə illüstrasiya edilmişdir. Ürəyin döyüntüsü qaval ritmi ilə canlandırılmışdır. Qaval isə digər səhnədə günəşin diskinə çevrilir, küləklər neyin səsindən əmələ gəlir, tarın səsi isə Abşeron yağışının səsindən yaranır. Tamaşanın kulminasiya nöqtəsi Azərbaycanın səsini əks etdirən muğam olacaqdır.
Tamaşada musiqi və idman məktəblərinin 14-16 yaş arası şagirdləri, görmə qabiliyyəti zəif olan, eşitmə və danışma qabiliyyəti pozulmuş, Daun sindromlu uşaqlar, art - terapevtik reabilitasiya proqramının iştirakçıları, həmçinin peşəkar psixoloqlar, surdoloqlar, pedaqoqlar, rəssamlar və könüllülər iştirak edəcəklər.
İştirakçıların sayının çox olması və kollektivlərin müxtəlifliyi nəzərə alınaraq məşq və treninq müddəti spesifik məsələlərə uyğun olaraq bir neçə lokal meydançalar və qruplar formasında yerləşdirilmişdir. Hazırda məşğələlər, eyni zamanda Bakının 4 məktəb və ixtisaslaşdırılmış mərkəzlərində aparılır.
“DIDI International” mərkəzinin yaradıcı layihələri 2004-cü ildən həyata keçirilir. Bu müddət ərzində Azərbaycan Dövlət Filarmoniyasının, Dövlət Rus Dram Teatrının, Yuğ Dövlət Teatrının, Dövlət Kukla Teatrının, “Kappelhaus”-Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin səhnələrində 10-dan artıq irimiqyaslı tamaşa göstərilmişdir.