AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN 150 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ SURƏTDƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 5-də Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin 150 illik yubileyi tənətənəli surətdə qeyd edilmişdir.
Tədbir iştirakçıları - Azərbaycan Dövlət Dəniz Administrasiyası, Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi, əməkdaşları, müxtəlif ölkələrdən gəlmiş qonaqlar və veteranlar Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, müstəqil dövlətimizin memarı və qurucusunun xatirəsini ehtiramla anmışlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri qoyulmuşdur.
Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ehtiramlarını bildirmiş, məzarları üzərinə gül-çiçək düzmüşlər.
Xəzər Dəniz Gəmiçiliyinin mədəniyyət evində keçirilən təntənəli mərasimdə əvvəlcə gəmiçiliyin 150 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.
ADXDG-nin rəisi Aydın Bəşirov bildirmişdir ki, bu gün çox möhtəşəm bir tarix - Azərbaycanda gəmiçiliyin yaranmasının 150 illik yubileyi qeyd edilir. Bu, çox böyük bayram, əlamətdar hadisədir. 150 illik tarixin hər səhifəsində Azərbaycan dənizçilərinin qəhrəmanlıqla dolu əmək fəaliyyəti, iqtisadiyyatımızın inkişafı, Vətənimizin çiçəklənməsi naminə gördükləri əzəmətli işlər öz əksini tapmışdır.
Gəmiçiliyin rəisi vurğulamışdır ki, bu gün qurumun varlığına və fəaliyyətini davam etdirməsinə görə xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Dənizçilər hər zaman ulu öndərin qayğısını hiss etmiş, onun dəstəyinə arxalanaraq gəmiçiliyimizi qoruyub saxlaya bilmişlər.
Xəzər Dəniz Gəmiçiliyinin keçdiyi yola nəzər salan A.Bəşirov bu yolun heç də asan olmadığını, ömrünü dənizə həsr edən bir çox nəsillərin donanmanın, limanların, gəmi təmiri zavodlarının, tədris və səhiyyə ocaqlarının yaradılması və inkişafı üçün istedad və bacarıqlarını əsirgəmədiyini qeyd etmişdir.
Xəzərdə gəmiçiliyin qədim tarixə malik olduğu, XIX əsrdə Bakıda neft hasilatının coşğun inkişafının ticarət gəmiçiliyinin tərəqqisinə güclü təkan verdiyi bildirilmişdir. Məhz bunun nəticəsində 1858-ci ilin mayında “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyəti - gəmiçilik şirkəti yaradılmış və bu gün həmin cəmiyyət Xəzər Dəniz Gəmiçiliyinin sələfi hesab edilir.
Müasir dövrümüzdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayan rəis hazırda gəmiçiliyin Beynəlxalq Dəniz Təşkilatının, Baltik Beynəlxalq Dəniz Komitəsinin, Qara Dəniz Hövzəsi Gəmi Sahibkarları Beynəlxalq Assosiasiyasının və Gəmilərin Beynəlxalq Sığorta Klubunun üzvü olduğunu qeyd etmişdir. Bütün bunların nəticəsi olaraq 2001-ci ilin mayında beynəlxalq aləmdə Azərbaycan etibarlı dənizçilik ölkəsi sayılmış və İMO-nun “Ağ siyahısı”na daxil edilmişdir.
2007-ci ildə gəmiçilik tərəfindən 10 milyon 173,2 min ton, bu ilin birinci yarısında isə 5 milyon 665,2 min ton yük daşındığı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artım əldə olunduğu qeyd edilmişdir.
Şanlı keçmişə malik Azərbaycan milli donanmasının çox parlaq gələcəyi olduğunu vurğulayan A.Bəşirov görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin vaxtilə respublikamızda nəqliyyat donanmasının inkişafı istiqamətində həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdırmışdır. Yubiley ərəfəsində ölkəmizin başçısının sərəncamları ilə 14 nəfər dənizçinin yüksək dövlət mükafatları ilə təltif edildiyi xüsusi vurğulanmışdır.
Bu ilin oktyabrında ölkədə növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Bəşirov əminliklə bildirmişdir ki, dənizçilərin çoxminli kollektivi bu seçkilərdə də ən layiqli namizəd İlham Əliyevi dəstəkləyəcəkdir.
Tədbirdə Milli Məclisin sədr müavini Valeh Ələsgərov, nəqliyyat naziri Ziya Məmmədov, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Qara Dəniz Hövzəsi Gəmi Sahibkarları Beynəlxalq Assosiasiyasının baş katibi Sergey Milaşşenko və başqaları çıxış edərək dənizçiləri bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Yubiley münasibətilə dənizçilərin böyük bir qrupuna qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir bədii proqramla davam etdirilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




