AZƏRBAYCAN DÜNYADA ÖZ LAYİQLİ YERİNİ TUTMUŞDUR
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen mayın 12-də Milli Məclisə gəldi. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşıladılar.
İsveçrə Prezidenti əvvəlcə Milli Məclisin iclas salonu, parlamentin binasındakı Heydər Əliyev Xatirə salonu ilə tanış oldu, rəsmi qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra Prezident Paskal Kuşpen və Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş oldu.
Ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Oqtay Əsədov dedi ki, Prezident İlham Əliyev Azərbaycan-İsveçrə münasibətlərinin dərinləşməsinə böyük önəm verir. İsveçrənin 10-dan çox iri şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymuşdur və inanırıq ki, bu səfər əlaqələrin inkişafına yeni təkan verəcəkdir.
Milli Məclisin sədri Azərbaycanın son illərdəki uğurları barədə məlumat verdi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğuladı.
Dövlətlərimiz arasında əməkdaşlığın güclənməsində parlamentlərin rolundan danışan O.Əsədov Milli Məclisdə Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini xatırlatdı və qarşı tərəfdə də belə bir qrupun yaradılmasının arzu olunduğunu bildirdi.
İsveçrədəki Azərbaycan diasporuna yaradılmış şəraitə görə minnətdarlıq edən parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verdi, Azərbaycanın ədalətli mövqeyini xatırlatdı.
İsveçrə Prezidenti Paskal Kuşpen Azərbaycana səfərindən məmnunluğunu söylədi. Ölkəmizin sürətli inkişafını yüksək qiymətləndirən ali qonaq dedi ki, Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur. Səmimi deməliyəm, mənim və digər dövlət başçılarının Bakıya səfərləri Azərbaycanın insan hüquqları, iqtisadiyyat və digər sahələrdə əldə etdiyi uğurlara olan hörmətin təzahürüdür.
Prezident İsveçrə parlamentində də Azərbaycan ilə dostluq qrupunun yaradılacağını bildirdi.
Milli Məclis sədri müavinlərinin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
######
![]() |
