ELM VƏ TƏHSİL
“Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyası Türkiyədə çapdan çıxıb
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyası Türkiyənin “Bengü” nəşriyyatında çapdan buraxılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu uzun illər ərzində dövrləşdirmə üçün qəbul edilmiş “marksist formasiyalar nəzəriyyəsi”ndən imtina edilməklə, yeni tarixi epoxanın önə çıxardığı azərbaycançılıq prinsipi və sivilizasiya amilinin nəzərə alınması, habelə ədəbi-tarixi proseslərin reallıqları əsasında yenidən dövrləşdirilib. Müəllif Azərbaycan ədəbiyyatının real inkişaf dialektikasından çıxış edərək, ədəbiyyatımızın konkret olaraq ən qədim dövrlərdən bu günədək olan inkişaf mərhələlərini müəyyən edib. Ədəbiyyatın inkişaf mərhələlərinin yeni təsnifatında ədəbi cərəyanlar faktoru da əsas amillərdən biri kimi qəbul edilib. Beləliklə, monoqrafiyada Azərbaycan ədəbiyyatında müxtəlif tarixi epoxalarda meydana çıxmış erkən realizm, maarifçi realizm, tənqidi realizm, romantizm, sentimentalizm ədəbi cərəyanları, sosialist realizmi yaradıcılıq metodu inkişaf mərhələsi səviyyəsində təqdim olunmuş ədəbiyyatımızın çoxəsrlik tarixinin əsas yaradıcıları və daşıyıcılarının yaradıcılıq özünəməxsusluqları və ədəbi xidmətləri müəyyən edilib.
Akademik İsa Həbibbəyli ilk dəfə olaraq müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yaranmış neorealizm, postmodernizm, magik realizm, akademizm kimi ədəbi cərəyanları da diqqət mərkəzinə çəkib.
“Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyasının Türkiyədə nəşr edilməsi qardaş ölkə ilə elmi əlaqələrimizin yeni bir səhifəsi kimi də əhəmiyyətlidir.
Monoqrafiyanın elmi redaktoru professor Yavuz Akpinardır.
Monoqrafiyanı Türkiyə türkcəsinə çevirən Qastamonu Universitetinin müəllimi doktor Vüsalə Musalıdır.