ELM VƏ TƏHSİL
Azərbaycan gəncləri ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edir
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər təşkilatlarının (TGT) təşkilatçılığı ilə “Qalib ölkənin qalib gəncliyi” mövzusunda onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə BDU Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza bəxş etdiyi şanlı Qələbədən danışıb. O, Azərbaycan gənclərinin müxtəlif sahələrdə beynəlxalq müstəvidə ölkəmizi uğurla təmsil etdiyini bildirib.
Tədbirdə Bakı Dövlət Universiteti TGT-nin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Cəfər Gözəlov, Mingəçevir Dövlət Universitetinin tələbələri Tamella Qurbanova, Leyla Manafova və Hüseyn Əliyev gənclərə göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən qəhrəman gənclərin sayəsində müqəddəs torpaqlarımızın işğaldan azad olunduğunu qeyd ediblər.
Tədbirdə hər iki təhsil ocağının fəal gəncləri gələcəkdə keçiriləcək birgə layihələr haqqında müzakirə aparıb, müştərək tədbirlərin əhəmiyyətini vurğulayıblar.