Azərbaycan Gənclərinin IX Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
“Biz birlikdə güclüyük!” adlı Azərbaycan Gənclərinin IX Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib. Onlayn formatda keçirilən toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva iştirak ediblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, toplantıya elm, təhsil, səhiyyə, hərbi, iqtisadiyyat, hüquq mühafizə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, həmçinin yaradıcı və istedadlı gənclərdən ibarət 500 nəfər nümayəndə qatılıb.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin 44 gün ərzində böyük şücaət göstərərək böyük qələbəni təmin etdiklərini bildirib. O, torpaqlarımızın bütövlüyü uğrunda döyüşən qəhrəman əsgər və zabitlərin, könüllülərin böyük əksəriyyətinin gənclər olduğunu diqqətə çatdırıb və böyük qələbə münasibətilə hər kəsi təbrik edib.
Daha sonra Fərid Cəfərov Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbə qazandığını bildirərək qeyd edib ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu və milli birliyini, həmrəyliyi bir daha göstərib.
Toplantının davamında İndira Hacıyeva gənclərimizin hər an vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşməyə, canlarından keçməyə hazır olduqlarını bildirərək, əsas vəzifənin xalq-Prezident vəhdəti əsasında mövcud sabitliyi qorumaq olduğunu bildirib.
Bakı şəhər gənclərin zona toplantısında səsləndirilən məruzə və çıxışlar, həmçinin paytaxt gənclərinin təklifləri nəzərə alınaraq qətnamə qəbul edilib.
Qətnaməyə əsasən 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə əlaqədar gənclər idman və kütləvi bədən tərbiyəsi sahələrini geniş əhatə edən silsilə tədbirlərin təşkili qərara alınıb. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən internet portalının yaradılması qətnamədə nəzərdə tutulub.