“Azərbaycan Gəncliyi 2020” sosioloji sorğusunun icrası uğurla davam edir
Bakı, 7 noyabr (AZƏRTAC). “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi (İB) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə layihəsi çərçivəsində keçirilən “Azərbaycan Gəncliyi 2020” sosioloji sorğusunun icrası uğurla davam edir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlərin səviyyəsinin yüksəldilməsinin vacibliyi vurğulanmışdır. Məlumat verilmişdir ki, məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılır.
Tədbirdə qeyd olunmuşdur ki, həyata keçirilən islahatların səmərəli idarə edilməsi, innovativ metodların tətbiqi sosioloji sorğular vasitəsilə müəyyən edilir və onun nəticəsində analitik təhlil aparılır. Bu metod müasir idarəetmənin prinsiplərindəndir və dövrün tələbi olaraq qalır. Layihənin məqsədi gənclərin əsas inkişaf məsələlərinə dair qlobal və yerli baxışın formalaşdırılmasına dair tövsiyələr vermək, prioritetləri, ortaya çıxa biləcək çətinlikləri müəyyənləşdirmək, uğurları və gözləntiləri müəyyən etmək, gənclərin bu barədə rəy və düşüncələrini öyrənmək, bunun əsasında səmərəliliyi ən yüksək səviyyəyə qaldırmaqdır.
Birliyin sədri Yusif Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının sorğu sosial araşdırmalar institutunun müdiri Rüfət Quliyev və siyasi araşdırmalar institutunun müdiri professor Elman Nəsirov və digərləri layihənin əhəmiyyətindən, gənclərin prosesdə iştirakının vacibliyindən danışmışlar.
Sonda gənclər ekspertlər tərəfindən hazırlanmış sosioloji sorğu anketlərində öz fikir və təkliflərini qeyd etmişlər.