AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI 2009-CU İLİN ƏN YAXŞI FEDERASİYASIDIR
Bakı, 26 dekabr (AZƏRTAC). Azərbaycan Gimnastika Federasiyası 2009-cu ilin ən yaxşı Federasiyasıdır. Bu, Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə əlaqədar keçirdiyi mərasimdə elan olunmuşdur.
Xatirə medalı federasiyanın baş katibi Fərid Qaibova təqdim olunmuşdur. O, nazirliyə təşəkkürünü bildirmiş, toplaşanları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov ilin 10 ən yaxşı idmançısının da adlarını elan etmişdir. Onların arasında bədii gimnast da təmsil olunmuşdur. Siyahıya bu il bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə, habelə Avropa çempionatında komanda hesabında ikinci yerləri tutmuş, dünya çempionatının komanda hesabında bürünc medal qazanmış Aliyə Qarayeva daxil edilmişdir.
İdman veteranları da diqqətdən kənarda qalmamışlar. Ötən illərin məşhur idman gimnastı, bu yaxınlarda 80 illik yubileyini qeyd etmiş Minata Əsgərovaya ölkənin bütün idman ictimaiyyətinin səmimi təbrikləri çatdırılmışdır.
Azərbaycanın Milli Olimpiya Komitəsi də idman ilinə yekun vurmuşdur. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu il akrobatika üzrə Avropa çempionu olmuş Ayla Əhmədova və Dilarə Sultanova cütlüyünün məşqçisi İradə Qurbanovaya təzə mənzilin açarlarını təqdim etmişdir. Bu il fərqlənən idmançıların və məşqçilərin bir qrupuna, o cümlədən Aliyə Gimatova, Nadejda Xolodkova, habelə yığmamızın baş məşqçisi Mariana Vasilyevaya MOK-un pul mükafatları təqdim olunmuşdur.