Azərbaycan Həndbol Federasiyasının hakimləri “Challenge Cup” kubokunun final matçını idarə edəcəklər
Bakı, 2 may, AZƏRTAC
Ölkə tarixində ilk dəfə olaraq, Azərbaycan Həndbol Federasiyasının (AHF) beynəlxalq dərəcəli hakimləri Vaqif Əliyev və Ələkbər Agakişiyev Avropa Həndbol Federasiyasının təşkil edəcəyi qadınlar arasında “Challenge Cup” kubokuna təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hakimlərimiz mayın 13-də “MKS Perla Lublin” (Polşa)-“Rocasa Gran Canaria” (İspaniya) komandaları arasında keçiriləcək final oyununu idarə edəcəklər.
V.Əliyev və Ə.Ağakişiyev uzun müddət ölkə klublarında və milli komandada həndbolçu kimi fəaliyyət göstəriblər. Hazırda V.Əliyev Milli Olimpiya Komitəsinin əməkdaşı, Ə.Ağakişiyev AHF-nin hakimlər kollegiyasının sədridir. Onlar 2002-ci ildən Avropa Həndbol Federasiyasının hakimləridirlər. V.Əliyev və Ə.Ağakişiyev bu günə qədər 6 dəfə gənclər arasında Avropa çempionatının final, 7 dəfə AHF-nin Çempionlar Liqasının qrup və yarımfinal, tələbələr arasında dünya çempionatının final, AHF və “Challenge Cup” kuboklarının seçmə və yarımfinal, Avropa və dünya çempionatlarının çoxlu sayda seçmə mərhələlərinin, Gürcüstan, Rusiya və Azərbaycan çempionatlarının oyunlarında, eləcə də beynəlxalq yoldaşlıq görüşlərində hakimlik ediblər.
Əlli ölkədən 300-ə yaxın hakimlər cütlüyünü təmsil edən Avropa Həndbol Federasiyasının belə bir oyunu Azərbaycan hakimlərinə həvalə etməsi çox fərəhli haldır. Reqlamentə görə, oyun zamanı hakimlərin də təmsil etdiyi ölkənin bayrağı ucaldılır. İyirmi min tamaşaçı yerlik idman sarayında final oyununa hakimlik etmək üçün böyük təcrübə və yüksək ustalıq lazımdır. Bütün bu keyfiyyətlər azərbaycanlı hakimlərdə var.
Qeyd edək ki, final oyununa Avropa Həndbol Federasiyasının nümayəndələri Ole R.Jorstad (Norveç) və Olimpiya çempionu Lyudmila Bobniyeva (Rusiya) da təyinat alıblar. “Challenge Cup” kuboku Avropa Həndbol Federasiyasının təsis etdiyi üç kubok yarışından biridir. Yarışa 64 komanda qatılır.