AZƏRBAYCAN İDMANÇILARINDA QƏLƏBƏ ƏZMİ YÜKSƏKDİR
Avqustun 6-da Heydər Əliyev adına beynəlxalq hava limanında Azərbaycan yığma komandasının ilk heyətinin XXIX Pekin Yay Olimpiya Oyunlarına yola salınması mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Güləş Federasiyasının prezidenti Fazil Məmmədov AZƏRTAC-a müsahibə vermişlər.
Çingiz HÜSEYNZADƏ: Əminəm ki, bu Olimpiada Azərbaycan idmançıları üçün uğurlu olacaq, biz Vətənə qızıl və gümüş medallarla dönəcəyik. Ən çox ənənəvi idman növlərində, xüsusən də güləşdə medal qazanmağa ümid edirik. İnanıram ki, bu idman növündə hətta bir neçə medal qazana biləcəyik.
Bundan əlavə, cüdoçulardan, boksçulardan və ağırlıqqaldıranlardan da medal gözləyirik. Başqa sözlə, idmanın 3-4 növündə yaxşı nəticələr əldə etməyə çalışacağıq.
Ümumi komanda hesabında yüksək yerlər tutmaq imkanlarımız aşağıdır. İdmançılarımızın əsas rəqibləri güləşdə Rusiya və Gürcüstan, cüdoda Yaponiya və Braziliya, boksda yenə Rusiya nümayəndələridir. Bütün bunlara baxmayaraq, idmançılarımızın qalib gəlmək əzmi yüksəkdir.
Fazil MƏMMƏDOV: Avqustun 10-da Pekinin ən gözəl və böyük hotelində Azərbaycan günləri keçiriləcəkdir. Artıq bir çox ölkələrin olimpiya komitələrinin, idman qurumlarının rəhbərləri bu tədbirdə iştirak edəcəklərini təsdiqləmişlər. Əvvəlki olimpiadalarda olduğu kimi, bu dəfə də Azərbaycan günləri uğurla keçəcəkdir.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar çalışıblar ki, öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər. Cənab Prezident də idmançılara xeyir-dua veribdir. İnanıram ki, idmançılarımız Azərbaycanın idman şərəfini yüksək tutacaq, olimpiada yarışlarında maksimum səy göstərərək ölkəmizə medallarla qayıdacaqlar.
######
![]() |
![]() |

