AZƏRBAYCAN İLƏ AVROPA ŞURASI ARASINDA ƏLAQƏLƏRİN DAHA DA İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Avropa Şurasının (AŞ) Demokratiya və siyasi məsələlər üzrə Baş Direktorluğunun siyasi məsləhət və əməkdaşlıq üzrə direktoru xanım Klaudiya Luçiani və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi xanım Veronika Kotek ilə görüşmüşdür.
Azərbaycan və AŞ arasında əlaqələrin müsbət ruhda inkişaf etdiyini bildirən nazir respublikamızın təşkilat qarşısında götürdüyü öhdəliklərə ciddi yanaşdığını, bu öhdəliklər çərçivəsində ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hər şeydən əvvəl inkişafa və rifaha yönəldiyini diqqətə çatdırmışdır.
E.Məmmədyarov Ermənistanla müharibə vəziyyətində olduğu bir halda Azərbaycanın bu demokratik prosesdən geridə qalmadığını, bu sahədə mövcud problemlərin həllinə AŞ ilə əməkdaşlıq daxilində səy göstərdiyini bildirmişdir.
K.Luçiani Azərbaycanın bu istiqamətdə fəaliyyətini dəyərləndirərək AŞ ilə ölkəmiz arasında əməkdaşlığın daha da mühüm və səmərəli olmasında maraqlı olduğunu, bunun üçün müxtəlif birgə proqramlar həyata keçirməyin, jurnalistika və məhkəmə sahələrində treninqlərin təşkilinin faydalı olacağını qeyd etmişdir.
Görüşdə, həmçinin Azərbaycanda prezident seçkilərinə hazırlıq, hakimiyyətin müvafiq qurumları ilə əməkdaşlıq, ölkədə demokratik dəyərlərin daha da gücləndirilməsi yolları mövzularına da toxunulmuşdur.