Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə test imtahanı keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə test imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, imtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1, digər sualların hər biri isə 0, 5 balla qiymətləndirilir, keçid balı 55-dir.
İmtahanda 94 namizəd iştirak edib. Onlar test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malikdirlər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində saat 9:00-dan 18:00-dək Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) təqdim etməlidirlər.
Təqdim edilən sənədlərə görə, “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.