Azərbaycan ilə BMT-nin İnkişaf Proqramının əməkdaşlığı çərçivəsində reallaşdırılacaq İKT layihələri müzakirə edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramının gələcək əməkdaşlığı çərçivəsində reallaşdırılacaq informasiya-kommunikasiya texnologiyaları (İKT) layihələri müzakirə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Əli Abbasov ölkəmizdə səfərdə olan BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ə.Abbasov ilk növbədə nümayəndə heyətini BMT-nin yaradılmasının 70 illik yubileyi, həmçinin ölkəmizdə müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə BMT-nin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edib.
Daha sonra BMT-nin müvafiq qurumları ilə əməkdaşlığın dövlət tərəfindən yüksək dəyərləndirildiyini ifadə edən nazir BMT-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən İKT sahəsində dinamik inkişafına toxunaraq, BMT-nin İnkişaf Proqramı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlığı çərçivəsində ölkədə bir sıra İKT layihələrinin həyata keçirildiyini xatırladıb. Xüsusən informasiya texnologiyaları sahəsinin gələcək inkişafı üçün mayak rolunu oynayan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın hazırlanmasında, ölkədə elektron idarəçiliyin inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili üçün müvafiq platformanın yaradılmasında, İnternet İdarəçiliyi Forumunun təşkilində və digər sahələrdə BMT-nin İnkişaf Proqramının əsas tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırıb.
Səmimi qəbula görə nümayəndə heyəti adından nazirə minnətdarlığını ifadə edən Olivier Adam ilk olaraq BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klarkın salamlarını çatdırıb. Azərbaycanın İKT sahəsində uğurlara imza atdığını deyən BMT-nin rəsmisi bu istiqamətdə qazanılan təcrübənin BMT-nin digər üzv ölkələri üçün model rolunu oynaya biləcəyini, həmçinin əldə edilən nailiyyətlərin digər ölkələrlə bölüşdürülməsində BMT-nin İnkişaf Proqramının yaxından iştirak edə biləcəyini nəzərə çatdırıb, eyni zamanda təşkilatla əməkdaşlıq çərçivəsində Azərbaycanın Əfqanıstanda e-idarəçilik sahəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə cari layihələr, o cümlədən Azərbaycan üzrə 2016-2020-ci illəri əhatə edəcək ölkə proqramında İKT layihələrinə daha geniş yer ayrılması, “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” çərçivəsində “AzDataCom” layihəsi üzrə əməkdaşlığın davam etdirilməsi və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.