Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artaraq 5,1 milyon dollar olub. Bu da 2020-ci illə müqayisədə 7 dəfə çoxdur. Tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq.
“Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var. Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Belə ki, İon-Adriatik (IAP) kəmərinin TAP-a inteqrasiyası mümkündür. Bu isə sözügedən ölkənin Azərbaycan qazından istifadəsinə gətirib çıxara bilər. IAP-ın ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetrdən çox olacaq. Avropada Azərbaycan mavi qazına tələb artır. Bu isə ölkənin geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarır”, - deyə V.Bayramov vurğulayıb.