AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA ƏLAQƏLƏRİNKİŞAF EDİR
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə İtaliya arasında mövcud dostluq əlaqələri uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı apardığı danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin inkişafında yeni mərhələ açmışdır. Bu gün ölkələrimiz arasında ticarət dövriyyəsi 1,5 milyard dollar səviyyəsinə çatmışdır. Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada öncül yerlərdən birini tutur. Regiondakı iri iqtisadi layihələrin hamısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilir. İndi ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Parlamentlərarası əlaqələrimiz də inkişaf edir. Milli Məclisdə İtaliya parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq təşkilatlarda bir çox hallarda eyni mövqedən çıxış edirlər.
Oqtay Əsədov demişdir ki, Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur. Azərbaycan Konstitusiyası müddəalarının əsas hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Konstitusiya Məhkəməsi hüquqi dövlət quruculuğunda böyük işlər görür.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. O demişdir ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar problemlə bağlı qərar və qətnamələr qəbul etmiş, Ermənistanı təcavüzkar dövlət adlandırmışdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Amma sülh danışıqları nəticə verməsə, biz digər vasitələrlə öz torpaqlarımızı azad edəcəyik.
İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Franko Bile Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə, səmimi qəbul və ətraflı məlumata görə minnətdarlığını bildirmişdir. O demişdir ki, Azərbaycan sürətli inkişaf yolundadır və ölkədə insan hüquqlarının qorunma səviyyəsi çox yüksəkdir. İnanırıq ki, qarşılıqlı səfərlər zamanı apardığımız danışıqlar əlaqələrimizin inkişafına müsbət təsir edəcəkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.