Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur
Bakı, 23 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, frankofoniya və xaricdəki mərkəzi afrikalılar üzrə naziri Silvi Baypo-Temon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərinin perspektivlərini müzakirə edib, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə, həmçinin siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar. Həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb.
Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təhsil təqaüdü proqramlarından yararlanmasını məmnunluqla qeyd ediblər.
Bu yeni diplomatik əlaqələri rəsmiləşdirmək məqsədilə nazirlər “Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike”ni imzalayıblar.
Bu tarixi sənəd münasibətlərimizdə yeni bir səhifə açır və gələcək illərdə ikitərəfli təmasların genişləndirilməsi üçün möhkəm təməl yaradır.