AZƏRBAYCAN İLƏ QAMBİYA ARASINDA ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Sabir Ağabəyov ölkəmizi Qambiya Respublikasında da təmsil edəcəkdir. O, iyulun 18-də etimadnaməsini Qambiya Prezidenti Yahya Cammehə təqdim etmişdir.
Görüşdə səfir S.Ağabəyov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlar, ölkəmizin beynəlxalq əlaqələri, qarşılaşdığı problemlər barədə danışmış, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, zəbt olunmuş ərazilərdə ermənilər tərəfindən çoxsaylı tarixi, dini, mədəni abidələrin, məscidlərin dağıdılması və sülh danışıqları barədə Prezidentə ətraflı məlumat vermişdir.
S.Ağabəyov Qambiyanın cari ilin martında BMT Baş Məclisində işğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyətə dair qətnamənin lehinə səs verdiyinə görə rəsmi Bakı adından Prezident Y.Cammehə təşəkkür etmiş və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulamışdır.
Diplomat Azərbaycan ilə Qambiya arasındakı xoş münasibətlərdən, xüsusilə İKT və BMT çərçivəsində uğurlu əməkdaşlıqdan məmnunluqla danışmışdır.
Sonra S.Ağabəyov Qambiyanın kütləvi informasiya vasitələrinə müsahibə vermişdir. Səfir Azərbaycan ilə Qambiya arasında ikitərəfli münasibətlərin dostluq xarakteri daşıdığını bildirmiş, hər iki ölkənin əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamış, eyni zamanda ticarət-iqtisadi, neft sektoru, təhsil, mədəniyyət, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın mümkünlüyünü qeyd etmişdir.
S.Ağabəyov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Qambiyanın göstərdiyi siyasi dəstəyə görə Azərbaycan hökuməti adından dost ölkənin Prezidentinə və xalqına bir daha təşəkkür etmişdir.
Etimadnamənin təqdimatı və KİV-ə müsahibə Qambiyanın yerli GRTS televiziya kanalı və bir sıra qəzetləri tərəfindən geniş işıqlandırılmışdır.
Səfər çərçivəsində səfir, həmçinin Qambiyanın xarici işlər üzrə dövlət katibi Omar Turey, maliyyə və iqtisadi məsələlər üzrə dövlət katibi Musa Bala Qaye, ticarət, sənaye və əmək naziri Abdu Koli, ali təhsil, elm, tədqiqat və texnologiyalar naziri Krispin Qrey Conson, Milli Neft Şirkətinin fəaliyyətdə olan direktoru Mamadu Badci və digər rəsmi şəxslərlə görüşlər keçirmiş və ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparmışdır.
######
